Tranzit yüklər Bakı Limanından keçir – VİDEOREPORTAJ

65

Son illər Azərbaycan multimodal yükdaşımalarla bağlı mühüm addımlar atır. Bu baxımdan 2018-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, eləcə də paytaxtın Qaradağ rayonunun Ələt qəbəsəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Yeni Bakı Limanı) mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə limana baş çəkərək buradakı iş prosesi ilə yaxından tanış olduq. 

Yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Xəzər dənizindən keçməklə limana – Azərbaycan ərazisinə daxil olan konteynerlər BTQ ilə hərəkət edən qatarlara yüklənilir və yaxud aşırılır. Bu prosesə bir neçə nəfər nəzarət edir. Məqsəd yüklərin təhlükəsiz və bütün qayda-qanunlara əməl etməklə aşırılmasıdır. 

Yeri gəlmişkən, 2019-cu ildə BTQ-yə 45 min konteyner yüklənərək daşınıb. Bu isə 2018-ci ilə nisbətən 56% çoxdur. 2020-ci ildə də illik artımın 50%-dən çox olması – 75-80 min konteyner daşınması proqnozlaşdırılır. 

“Report”a açıqlama verən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament rəisi Xudayar Həsənli deyir ki, ötən il Bakı Limanından bütün növ yüklərin aşırılmasında artım qeydə alınıb: “2019-cu ildə limanda yükaşırmanın həcmi 2018-ci illə müqayisədə 7,2% artaraq 4,062 milyon tona çatıb. Bunun 3,444 milyon tonu və yaxud  84,8%-i tranzit yüklərin payına düşüb. Ötən il xüsusilə təkərli TIR və konteyner aşırılmasında ən çox artım qeydə alınıb. Son dövlərdə qlobal logistikada əsasən konteyner yüklərin daşınmasına üstünlük verilir. Yüklərin böyük bir hissəsi bizim koridordan konteynerləşləşdirilmiş halda tranzit kimi daşınır. 2019-cu ildə Bakı Limanından təkərli nəqliyyat vasitələrinin və konteynerlərin aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da illik müqayisədə 53,6% artım deməkdir”.

Onun sözlərinə görə, hazırda Bakı Limanında konteyner terminalı fəaliyyət göstərir: “Bu terminalın üstünlüyü yüklərin tez aşırılmasına imkan verməsidir. Bundan əlavə, Orta Asiya və Qara Dəniz sahilləri öıkələrlə Avropa ölkələri arasında tranzit yük daşımalarında Orta Dəhlizin (“TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu”) böyük önəmi var. Tranzit yüklərin aşırılmasında isə xüsusilə, Çindən gələn konteynerlərin aşırılmasında artım tempi müşahidə edirik. 2019-cu ildə Çindən gələn konteynerlərdə 2018-ci ilə nisbətən 2 dəfədən çox artım müşahidə edilib”.

X.Həsənli vurğulayıb ki, BTQ dəmir yolu xəttinin Orta Dəhlizin tranzit dəhliz kimi inkişaf etdirilməsində böyük rolu var: “Bu dəmir yolu xətti Çindən gələn yüklərin həm Türkiyəyə, həm də Avropaya ötürülməsinə imkan yaradır”.

Bir sözlə, Azərbaycan yaxın gələcəkdə konteyner daşımalarında daha böyük uğurlara imza atacaq. Buna ölkəmizin tranzit mövqeyi, regionda artan rolu, BTQ və Bakı Limanının potensiallarını daha da artırması, dünyanın bir sıra habları ilə əməkdaşlıq əlaqələri imkan verəcək.