“Hazırda Çindən Avropaya və əks istiqamətdə konteynerlə yükdaşımalar davam edir və bu sahədə fasilə yaranmayıb”.
Bunu “Report”a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib.
Onun sözlərinə görə, ötən aylarla müqayisədə gələcəkdə konteynerlərin sayında artım gözlənilir: “Bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Avropaya hərəkət etməsini planlaşdırır”.
Xatırladaq ki, ADY koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədilə sanitariya-epidemioloji tədbirlərini gücləndirib. Ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.
Bundan başqa, bütün lokomotivçilər xüsusi geyim, dezinfeksiya aparatı və məhlullarla təmin olunub. Onlar həmin aparat vasitəsilə lokomotivləri dezinfeksiya edirlər.