ABŞ və İran neft qiyməti ətrafında yeni müharibə oyunu qurur – Tramp İran hərbi gəmilərinə atəş açmaq əmri verdi, SEPAH komandiri “cavabı veriləcək” dedi…

268

Bu gün koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr sırasında yer alan ABŞ və İran yenidən hərb müstəvisində bir-birinə qarşı sərt, hədələyici mövqe sərgiləyir. Səslənən fikirlərdən belə bəlli olur ki, tərəflər istənilan an Fars körfəzində savaşa başlaya bilərlər. Amma məsələnin mahiyyəti barədə danışan ekspertlər burada həm də neftlə bağlı böyük bir oyunun getdiyini bildirir. Özü də bu oyun indi bütün tərəflər üçün olduqca vacib sayılır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə Fars körfəzi sularında Birləşmiş Ştatlar donanmasına aid gəmilərin İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürət katerləri tərəfindən sıxışdırılmasının ardınca İran hərbi gəmilərinə atəş açmaq əmri verib.  Tramp bu haqda özünün “Tvitter” səhifəsində yazıb: “Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Amerika gəmilərini dənizdə təqib edən İran hərbi gəmilərinə atəş açmaq və məhv etmək göstərişi vermişəm”. Tehranın da cavabı özünü çox gözlətməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Hüseyn Səlami ölkəsinə məxsus mülki və ya hərbi gəmilərə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini verib. General-mayor bildirib ki, ölkəsinin ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı təhdidlərə qətiyyətli və sərt şəkildə cavab veriləcək:”Biz də hərbi dəniz qüvvələrimizə, mülki və ya hərbi gəmilərimizə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini vermişik. Fars Körfəzi bizim üçün strateji əhəmiyyətlidir”. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Donald Trampın İran gəmilərini batırmaq əmrinə maraqlı münasibət sərgiləyib:“ABŞ hərbçiləri arasında 5 000-dən artıq COVID-19-a yoluxma halı var. Donald Tramp Səddam terrorçularının alqışladığı hədələri yaymaqdansa, onların ehtiyacları ilə məşğul olsa, daha yaxşı olardı. Bundan başqa, öz Fars körfəzimizdə dənizçilərimizi təhrik edən ABŞ qüvvələrinin evlərinin 7 000 milliyində işi yoxdur”. Məsələ ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi qeyd edib ki, ABŞ-ın Fars körfəzindəki hərbi gəmiləri beynəlxalq qanunları pozaraq təhrikedici hərəkətlərə yol verir. Bu gəmilər İranın təhlükəsizliyi üçün təhrikedici hərəkətlərə yol verməyə davam etsələr, ağır cavab alacaqlar.

Artıq Fars körfəzində ABŞ-ın əlavə hərbi texnika cəmləşdirməsinə dair məlumatlar da var. Lakin ekspertlər iki ölkə arasında bu hərbi gərginliyin, əslində neftin qiymətlərini yüksəltmək üçün daha bir gediş olmasına dair fikirlər səsləndirir. Məlumdur ki, hər dəfə ABŞ-İran müharibəsi gündəmə gələndə neft qiymətləri sıçrayır. Indiki halda isə bu, ABŞ və İran üçün vacib əhəmiyyər kəsb edir. Rusiyanın “Valday” diskussiya klubunun eksperti Fərhad İbrahimov da məsələyə elə bu prizmadan yanaşır: “Burada bir neçə nüans var. Birincisi, hazırda Tramp və onun administrasiyası sürətlə yayılan və Amerikanın tam inkişaf etməsinə imkan verməyən koronavirus səbəbindən daxili siyasi planda kifayət qədər mürəkkəb bir vəziyyətdədir. İndi Trampın mövqeyi istənilən səviyyədə deyil və xarici siyasət sahəsində ona müəyyən uğurlar qazanmaq lazımdır. Bu mənada İran rahat hədəfdir və Tramp Yaxın Şərqdə mövcud olan bütün problemlərə görə yenə də ona ilişir və onu ittiham edir”. Onun fikrincə, İranın bu günlərdə Amerikanın humanitar yardımını nümayişkaranə şəkildə qəbul etməməsi də ABŞ prezidentini qıcıqlandırıb. Ekspert hesab edir ki, bununla yanaşı daha bir səbəb də var: “Əlbəttə ki, burada neftin qiymətinin düşməsi ilə bağlı iqtisadi bir aspekt də var. Belə bir ehtimal var ki, Tehran və Vaşinqton arasında bu cür kəskinləşmə neftin qiymətinin yenə artmasına imkan verəcək. Bu ilin yanvarında olduğu kimi. Həmin vaxt prezident Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsi barədə əmr vermişdi. Güman ki, Tramp administrasiyası indi öz reytinqini artırmağa, həmçinin neftin qiymətinin yenidən qalxmasına çalışır”.

Digər rus ekspert İvan Danilov hesab edir ki,  aşağı qiymət üzündən  ABŞ və Kanadanın neft hasilatçıları  kifayət qədər ağır durumdadır və bu da Trampı ciddi narahat edir: “Neftin mənfi qiymətləri ilə bağlı hazırkı misli görünməmiş vəziyyət neft bazarının gələcəyi barədə heç nə deməsə də, OPEC+ neft alyansına üzv ölkələrlə əməkdaşlıq etmək istəməyən Amerika şist şirkətlərinin ambisiyalarını necə tənzimləmək barədə çox şey deyir. Neft müharibəsində kimin və necə qalib gəlməsi məsələsinə qayıtsaq, Kanadanın “Financial Post” nəşrinin Kanada Kral Bankının  və nüfuzlu “Rystad Energy” konsaltinq şirkətinin dəyərləndirmələri əsasında verdiyi şərhi qeyd etmək olar: “Kim qalib gəlir? Şimali Amerikada məcburən ixtisar edilmiş neft hasilatı OPEC ölkələrində olduğundan beş dəfə artıq ola bilər… Şimali Amerikanın neft hasilatçıları əzilirlər, çünki gözlənilir ki, neft seli qiymətləri uzun müddət aşağı səviyyədə saxlayacaq. “RBC Capital Markets” ABŞ-da şist neft hasilatının sutkada 1,5 milyon barrel azalacağını gözləyir… OPEC-in üzvləri arasında isə yalnız İraq sutkada 300 min barrel və Venesuela sutkada 275 min barrel ixtisar etmək məcburiyyətində qalacaq. İndiyə qədər ruslar və səudiyyəlilər bazar payı üçün müharibəni qazanırlar. Lakin bu onlara baha başa gəlir, çünki OPEC ölkələrinin əksəriyyəti yüksək neft qiymətindən böyük dərəcədə asılıdır… “RBC” və “Rystad” tərəfindən alınmış məlumatlara görə, ümumiyyətlə, Şimali Amerikada hasilat bu il ərzində sutkada 2,64 milyon barrel azala bilər. OPEC-in  ixtisar həcmləri isə sutkada 575 min barrel təşkil edir”.

Donald Tramp şist şirkətlərinə kömək etməyi vəd edir, lakin o artıq bunu əvvəllər də vəd edib və ABŞ Konqresindəki siyasi rəqibləri ona bunu etməyə imkan verməyiblər. Onlardan bəziləri hətta açıq şəkildə neftçilərin kütləvi işdən çıxarılmasına və neftin qiymətinin çökməsinə sevinir. Yaxın aylarda neft bazarının qiymət konyunkturasını proqnozlaşdırmaq mümkün deyil, amma epidemiya onsuz da bitəcək ki, bu da tələbatın bərpasına və qiymətlərin artmasına səbəb olacaq. Lakin Qərb mənbələrinin də haqlı olaraq qeyd etdiyi kimi, ABŞ və Kanadanın neft hasilatçılarının kifayət qədər əhəmiyyətli hissəsi o vaxta sadəcə “sağ” çıxmayacaq”. Amma İranla müharibə imitasiyası vəziyyəti tam dəyişdirə bilər və elə həm Vaşinqtona, həm də Tehrana bu indi sərfəli görünür.

Nahid SALAYEV