Ermənistandakı Amulsar qızıl yatağı Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə törədir

68

Ermənistandakı Amulsar qızıl yatağı Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə törədir.

Trend-in məlumatına görə, Ermənistan rəhbərliyinə beynəlxalq təzyiq nəticəsində Amulsar qızıl yatağının istismarı Qafqaz regionunda süxurun keyfiyyətinə, ümumilikdə Xəzəryanı dövlətlərin ekologiyasına təhlükə törədə bilər.

Amulsar yatağı Ermənistanın cənub-şərqində, Cermuk şəhərindən 13 kilometr məsafədə, Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Ekoloqlar ehtiyat edirlər ki, Amulsar yatağının istismarı nəticəsində natrium sianid maddəsindən istifadə olunur və bu, çay sularının turşulaşmasına, sianidlərlə zəhərlənməsinə səbəb ola bilər.

Yataqda kəşfiyyat işlərini 10 il müddətində Böyük Britaniyanın “Lydian Armenia” şirkəti aparıb. Bu şirkət 2016-cı ildə mədənin istismarına hazırlığa başlayıb. Bu günədək mədənin işlənməsinə 400 milyon dollardan çox vəsait yatırılıb. Ermənistan hökuməti ölkə iqtisadiyyatının tənəzzül etdiyini, xalqın isə yoxsulluq içində olduğunu gözəl anlayaraq BMT-nin Trans-sərhəd çaylar barədə Konvensiyanı açıq-aşkar pozmaq qərarına gəlib.

Bununla belə, ölkə rəhbərliyi layihəni təkrar nəzərdən keçirməli oldu. Ötən ilin yayında ətraf mühit müdafiəçiləri etiraz əlaməti olaraq mədən ərazisinə gedən yolu bağladı. Ermənistanın yeni hökuməti layihənin reallaşdırılmasının dondurulması və Amulsar yatağının işlənməsi ilə bağlı risklərin qiymətləndirilməsi üzrə təkrar ekspertizanın keçirilməsinə qərar verdi.

Bununla belə, Ermənistan hökumətinə təzyiq məqsədilə “Lydian International” şirkəti beynəlxalq arbitraj məhkəmələrinə şikayət edəcəyi ilə bağlı hədə-qorxu gəlib. Nəticədə Ermənistan 2 milyard dollara yaxın cərimə ödəyə bilər. Beləliklə, beynəlxalq təzyiqlə üzləşən Nikol Paşinyan mədəndə işlərin bərpasına icazə verməli oldu, eyni zamanda o, vəd edib ki, hər hansı pozuntu qeydə alınarsa, hökumət müəssisəni bağlamaq hüququna sahibdir.

Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən axan Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Ortada yoxsul Ermənistanın xəzinəsinə milyonlarla vəsaitin daxil olması və Qərb ölkələrinin iri maraqları dayanır. Bu vəziyyətdə aydındır ki, Amulsar layihəsinin işlənməsi qaçılmazdır. Daha az taleyüklü məsələlərdə dərhal reaksiya göstərən beynəlxalq ictimaiyyət bu fakta ləng reaksiya verir. Amma bütün Xəzər hövzəsinin həssas ekosistemi, beş Xəzəryanı dəvlətin əhalisinin həyatı və sağlamlığına təhdid qalmaqdadır.