“Gas Husky” və “Betul 8” gəmiləri Qara dənizdə hələ də suyun üzündədir

26

Noyabrın 19-na olan məlumatlara görə, “Gas Husky” qazdaşıyan gəmisi və “Betul 8” quru yük gəmisi Bolqarıstanın Kaliakra burnunun cənub-şərqində, Qara dənizdə hələ də suyun üzündə qalır və sürüklənməkdə davam edir.

Denizxeber.az bildirir ki, hər iki gəminin yeri Bolqarıstan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən müəyyən edilib. Bundan sonra hakimiyyət orqanları əlavə naviqasiya xəbərdarlıqları yayıb. Ərazidən keçən ticarət gəmiləri də bu gəmiləri gördüklərini bildiriblər.

“Betul 8” quru yük gəmisi Bolqarıstanın müstəsna iqtisadi zonasında iki dəniz dronu tərəfindən hücuma məruz qalıb. Gəmi noyabrın 16-da saat 09:15-də qəza siqnalı göndərib.

“Gas Husky” qazdaşıyan gəmisi isə noyabrın 17-də gecə yarısından qısa müddət sonra, həmçinin Bolqarıstanın müstəsna iqtisadi zonasında vurulub. Hücumdan sonra gəmi su almağa başlayıb və ilkin məlumatlara görə, batmaq təhlükəsi ilə üzləşib.

Liberiya bayrağı altında üzən qazdaşıyan gəminin Misirin İsgəndəriyyə limanından Rumıniyanın Midia limanına ballast vəziyyətində, yəni yük daşımadan hərəkət etdiyi bildirilir.

Hər iki gəminin batdığı barədə ilkin məlumatlara baxmayaraq, noyabrın 19-na olan məlumata görə, gəmilər batmayıb və Qara dənizdə sürüklənməkdə davam ediblər.