Kanada şirkəti Azərbaycandakı müqavilə sahəsini SOCAR-a təhvil verib

88

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvilvermə prosesini yekunlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Kanada şirkəti məlumat yayıb.

Bildirilib ki, təhvilvermənin nəticəsi olaraq “Zenith” Azərbaycanda neft hasilatını dayandırıb və hasilatla məşğul olan təxminən 170 nəfərlik işçi heyəti SOCAR-ın tərkibinə keçib.

Məlumatda həmçinin qeyd edilib ki, şirkətin Azərbaycandakı törəməsi SOCAR-dan neft hasilatı ilə bağlı 508 min ABŞ dolları məbləğində vəsait əldə edib.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.