Şahbazov: OPEC+ çərçivəsində saziş neftin qiymətinin 2 dəfə artımına imkan yaradıb

238

OPEC+ çərçivəsində razılıqların yerinə yetirilməsi dünya bazarında neftin qiymətinin iki dəfə artımına gətirib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.

“Tarixdə ilk dəfə olaraq neft istehsalının böyük həcmlərdə azaldılması ilə bağlı qərar hazırda icra edilir. Nəticədə neftin qiyməti iki dəfə yüksəlib və bazarın balanslaşdırılması ilə bağlı fəaliyyətimizi davam etdiririk. Bazarda sabitlik yalnız neft istehsalçıları və şirkətlərinin deyil, həm də istehlakçıların maraqlarına cavab verir”, – Şahbazov bazar ertəsi Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, İxracat naziri Graham Stuart ilə videokonfrans zamanı bildirib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, həmçinin Şahbazov qeyd edib ki, Azərbaycanın öhdəlikləri BP və SOCAR ilə yüksək əməkdaşlıq çərçivəsində yerinə yetirilir.

“Görüş zamanı tərəflər qlobal qitisadiyyat və enerji sektoruna meftin qiymətinin təsiri, Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və enerji əməkdaşlığı məsələlərini müzakirə ediblər”, – nazirliyin məlumatında vurğulanır.

O cümlədən, Stuart bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq imkanları ilə maraqlanıb.

Həmçinin, nazirlər Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının tarixi və iki ölkə arasında imzalanması planlaşdırılan əməkdaşlıq sənədlərini müzakirə ediblər.

Xəbər verildiyi kimi, OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.

Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.

Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel – 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel – 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel – 620 min barelədək azaltmalıdır.

Azərbaycanda neft hasilatının azaldılması prosesinə SOCAR, “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, həmçinin quruda yerləşən yataqlardan neft hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri cəlb olunub.