Finlandiyada bərə ilə səyahət etmiş minə yaxın insan koronavirusa yoluxa bilər

253

Finlandiya Milli Səhiyyə və Sosial Təminat İnstitutu bəyanatla çıxış edərək bildirib ki, Helsinki ilə Estoniyanın paytaxtı Tallinn arasında kruiz bərəsində səyahət edən bir sərnişinin COVID-19 koronavirusunun daşıyıcısı olması aşkar edilib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bundan sonra Finlandiyanın səhiyyə orqanları həmin bərədə olan digər sərnişinlərə koronavirusa yoluxma hallarının vaxtında aşkarlanmasından ötrü öz sağlamlıqlarının qayğısına qalmalarını tövsiyə ediblər.

İnfeksiyaya yoluxan sərnişin “Silja Europa” Baltik bərəsində iyunun 30-da Helsinkidən Tallinnə çatıb və ertəsi gün elə həmin bərə ilə geri qayıdıb. Həmin vaxt gəminin göyərtəsində təqribən 1000 sərnişin olub. Bütün bu vaxt ərzində virus daşıyıcısı bir yerdən digər yerə keçib, gəmidəki ictimai yerlərdə olub ki, bu da digər sərnişinlərin yoluxma ehtimalını yalnız artırır.

Finlandiya Milli Səhiyyə və Sosial Təminat İnstitutu gəmidə olan bir neçə nəfərin artıq karantinə alındığını elan edib.

“Silja Europa” qəbilindən olan Baltik bərələri həm işə getmək, həm də istirahət məqsədilə səfərlər üçün nəzərdə tutulur. Bir tərəfə tur 4 saat ərzində başa çata bilər, buna baxmayaraq ki, gəmilər gecə kruizini həyata keçirməkdən ötrü dənizdə dövrə vururlar.

İyun ayından başlayaraq Finlandiyadan Estoniyaya bərə ilə keçidlər mümkün olub, çünki COVID-19-la bağlı vəziyyət Finlandiyada sabitləşdiyindən bir sıra ölkələrlə sərhəd məhdudiyyətləri aradan qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır