“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin 6 ay ərzində yükaşırması 27 faiz artıb

475

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2020-ci ilin I yarım illiyini uğurla başa vurub. Hazırda bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2 524.8 min ton təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1 981.2 min ton) 27 % çoxdur. Ümumi yükaşırmanın 87%-i və ya 2 192.8 min tonu tranzit yüklərin payına düşüb.

2020-ci ilin I yarım ili ərzində ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 000 ton təşkil edib. Eyni dövürdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14.4% artaraq 17 173 ədəd olub. Bunlardan 11 776 ədədi (68.6%) Bakı-Türkmənbaşı-Bakı, 5 397 ədədi isə (31.4%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Konteynerlərin aşırılmasında da artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 18 547 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% artım deməkdir (2019-cu ilin I yarım ilində 15 210 TEU). COVID- 19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 31% azalma qeydə alınıb və 13 776 nəfər təşkil edib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının əvvəllərindən etibarən Liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biri olub.