İran ordusunun hərbi təlimi ABŞ-ı ehtiyatlı davranmağa vadar edib

52

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Körfəzdə keçirdikləri hərbi təlimdə ballistik raket ilə şərti düşmənin hərbi gəmisinin maketini dəqiq zərbə ilə vurub.

AZƏRTAC xəbər verir ki, ötən gün SEPAH “Böyük Peyğəmbər” adlı hərbi təlimə başlayıb. Bu gün isə ballistik raketdən istifadə edildikdən sonra ABŞ-ın Qətərdəki hərbi bazası döyüş hazırlığı vəziyyətinə gətirilib.

CNN-in yaydığı məlumata görə, ABŞ-ın Körfəz dövlətləri ərazisindəki hərbi bazalara xüsusi təlimatlar verilib. Bu təlimatların nədən ibarət olması hələlik məlum deyil. Lakin məlum olan odur ki, İran ordusunun təlimindən ehtiyatlanan ABŞ Qətərdəki hərbi bazasını döyüş hazırlığı vəziyyətinə gətirib. Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasına isə ehtiyatlı olmaq göstərişi verilib.

Qeyd edək ki, iyulun 28-də SEPAH körfəz və Hörmüz boğazında genişmiqyaslı hərbi təlimə başlayıb. Təlimə pilotsuz uçuş aparatları, hərbi helikopterlər, İranın fəzadakı “Nur” süni peyki və hərbi gəmilər qatılıb. Təlimlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır