SOCAR-ın təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi ilə görüş olub

230

İyulun 29-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan regional təlim mərkəzində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri Valeh Ələsgərovla görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, mərkəzlə tanışlıq zamanı SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov TTSİ-nin tərkibində fəaliyyət göstərən təlim mərkəzlərindən biri kimi Qobustan regional təlim mərkəzinin sifarişçilərin tələbatlarına uyğun olaraq müxtəlif peşələr və ixtisaslar üzrə çoxsaylı kursları tədris etdiyini bildirib. Həmçinin,təlim mərkəzinin qarşısında duran vəzifələr və xarici şirkətlərin tələbləri barədə ilkin surətdə məlumat verilib. Bununla yanaşı, təlim mərkəzinin nəzəri tədris otaqlarında istifadə edilən simulyatorlar, əyani vəsaitlər, mövcud potensial, müəllim-instruktor heyətinin bacarıqları və ixtisas göstəriciləri qonağın nəzərinə çatdırılıb.

Eyni zamanda, V.Ələsgərov təlim mərkəzinin Qaynaq emalatxanasında yerinə yetirilən əməliyyatlar, əməyin təhlükəsizliyi rejimi, istifadə edilən avadanlıqlar və materiallar ilə tanış olub.

Görüşdə Qobustan regional təlim mərkəzində “BP Exploration (Caspian Sea) Limited”, “Bos Shelf” MMC, “SOCAR Polymer” MMC və digər şirkətlərlə əməkdaşlıq çərçivəsində xarici ölkələrin aparıcı peşə təhsili qurumlarının metodikası əsasında texniklərin hazırlanmasının aktuallığına toxunulub. Daha sonra Azad İqtisadi Zonada fəaliyyət göstərməsi nəzərdə tutulan müəssisələrin ehtiyacları baxımından ayrı-ayrı peşələrin tədris proqramları haqqında müzakirələr aparılıb.

V.Ələsgərov təlim mərkəzinin imkanlarının Qaradağ rayonunda və ətraf zonalarda yaşayan gənclərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsində və məşğulluq qabiliyyətinin artırılmasında faydalı olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır