Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq ediblər

333

Alimlər dəniz heyvanlarında mikroplastikin miqdarını asanlıqla müəyyən etməyin yolunu tapıblar. Məlum olub ki, məşhur dəniz məhsullarında – krevet, stridiya və ya yengəclərdə kifayət qədər mikroplastik zərrəcik olur. Ən çox isə sardinadadır. Tədqiqatın nəticəsi “Environmental Science & Technology” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məqalənin müəlliflərindən biri olan Fransiska Ribeyronun sözlərinə görə, tədqiq edilmiş nümunələrin hamısında istehsalatda geniş istifadə edilən polivinilxlorid süni polimeri aşkarlanıb. Eyni zamanda, bu cür polimerlərdən ən çox yayılmış olan polietilenin qatılıq dərəcəsi ən yüksək həddə çatıb.

Hər il dünyada çirkab sularına və zibilliyə təqribən 300 milyon ton plastik zibil düşür. Torpaqdakı mikroblar onların böyük hissəsini parçalaya bilmir və buna görə zibil on illər, hətta yüz illər ərzində toxunulmamış vəziyyətdə qalır. Dünya okeanında düşdükdə isə Sakit Okeandakı böyük zibil ləkəsi kimi nəhəng yığıntıya çevrilir.

Alimlərin müşahidəsinə görə, bu zərrəciklər suda uzun müddət qalmır: onları dəniz heyvanları yeyir. İki il əvvəl Kanada tədqiqatçıları müəyyənləşdiriblər ki, insan hər il orta hesabla 40-60 min arası mikroplastik zərrəcik udur.

Avstraliya və Böyük Britaniya alimlərinin Fransiska Ribeyronun rəhbərliyi altında yaratdıqları metod sayəsində dəniz heyvanlarının orqanizminə düşmüş polimerlərin bütün növlərini, o cümlədən polistirol, polietilen, polivinilxlorid, polipropilen və polimetilmetakrilatı müəyyənləşdirmək və zərrəcikləri saymaq mümkündür. Tədqiqatçılar beş növ üzərində – stridiya, krevet, kalmar, yengəc və sardina üzərində araşdırma aparıblar.

Analiz göstərib ki, ən az plastik kalmar (0,04 mq) və stridiyada (0,07 mq), ən çox isə sardinada (2,9 mq) olub. Zərrəciklər tərkibə görə fərqlənib, onlarda polietilenə daha çox rast gəlinib. Yalnız stridiyada əsasən polivinilxlorid toplanıb.

Alimlər okeanı çirkləndirən plastikin mənbəyini tapmağı planlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır