Neft-qaz sənayemizə azalmayan beynəlxalq maraq – ehtiyatları bizdən qat-qat çox olan ölkələr belə zəiflədi… Prezidentin təhlili…

550

Vüqar Bayramov: “Çünki Azərbaycan həm enerji məhsullarını hasil edir, həm də emal edir”

“Bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır”. Bunu Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra verdiyi müsahibəsində deyib.

Dövlət başçısının fikrincə, 1990-cı illərdə bu yataqda 3 quyu qazılıb: “Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir. Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları Sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

Ümumilikdə, xarici şirkətlərin ölkəmizin neft-qaz sektoruna belə xüsusi maraq göstərmələri çox önəmli məsələdir. Ona görə ki, bizdən də qat-qat çox neft-qazı olan ölkələr var, amma ora maraq yoxdur. Bu kimi bəzi ölkələrə xarici investorların marağının azaldığı halda, Azərbaycana olan belə yüksək maraq nə ilə bağlıdır?

  • “Çox vacib məqamlardan biridir ki, xarici şirkətlər tərəfdaş olduqları ölkələrlə əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov xarici şirkətlərin Azərbaycanın neft-qaz sektoruna belə yüksək maraq göstərməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla “Qarabağ” yatağı müstəqillik illərində kəşf edilən ilk yeni neft yatağıdır. Daha sonra texnoloji baxımdan və onun imkanlarının doğru qiymətləndirilməməsi aspektindən bu yataq işlənmədi. Ancaq yenidən Azərbaycan Norveç şirkəti ilə konsorsium yaradaraq sözügedən yatağın işlənməsini həyata keçirir. Bu isə ondan xəbər verir ki, əslində, xarici şirkətlərin Azərbaycanın enerji sektoruna olan marağı qalmaqdadır. Bu maraq nəinki qalmaqdadır, bir az da artır. Bunun da səbəbləri var. Çünki Azərbaycan həm enerji məhsullarını hasil edir, həm də emal edir. Sözügedən məhsulların ixracı ilə bağlı infrastruktur var. Bütün bunlar xarici şirkətlər üçün cəlbedici rol oynayır. Digər tərəfdən, Azərbaycan özünü ciddi xarici tərəfdaş olaraq təsdiqlətdirib. Çox vacib məqamlardan biridir ki, xarici şirkətlər tərəfdaş olduqları ölkələrlə əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar. O baxımdan tərəfdaş olaraq xarici neft şirkətlərinin Azərbaycana olan xüsusi marağı qalmaqdadır. “Əsrin kontraktı”nın müddətinin uzadılması da ondan xəbər verir ki, Azərbaycan vacib ölkədir. Ona görə də növbəti illərdə Azərbaycan digər potensial yataqların işlənməsi ilə bağlı xarici şirkətlərlə əməkdaşlığı davam etdirəcək. “Qarabağ” yatağında ilkin olaraq 60 milyon ton neft ehtiyatı proqnozlaşdırılır. Güman edilir ki, ehtiyatlar bundan da çox olsun. Bu həm də digər yataqların tapılması və işlənməsi üçün yeni imkanların olmasından xəbər verir”.

Millət vəkilinin fikrincə, bütün bunlar həm də ölkəyə yeni xarici sərmayələrin gəlməsi deməkdir.

Vidadi ORDAHALLI