“Petkim” II rübü mənfəətlə yekunlaşdırıb

422

Koronavirus pandemiyasına baxmayaraq əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” holdinq bu ilin II rübündə 145 mln Türkiyə lirəsi (TRY) mənfəət əldə edib.

 “Report” xəbər verir ki, bu barədə holdinqin məlumatında qeyd edilib.

Bildirilib ki, pandemiya səbəbindən bir çox sektorun çətinliklər yaşadığı bir vaxtda “Petkim” STAR neft emalı zavodu ilə sinerji şəklində çalışaraq istehsala fasilə verməyib və xam maddəyə olan tələbatı təmin edib. “Petkim” istehsalında tibbi ləvazimat və qablaşdırma sektorunun xammal istehsalına üstünlük verib.

“Petkim”in II rübdə ümumi satışları 2,2 mlrd TRY təşkil edib. Şirkətin ölkə daxilindəki satışları I rüblə müqayisədə 10% artıb. Bildirilib ki, “Petkim” bu dövrdə ixracdakı mövqeyini də qoruyaraq 100 mln dollarlıq ixrac həyata keçirib.

“Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bildirib ki, “Petkim” 2020-ci ilin altı ayı ərzində əməliyyat fəaliyyətindən 1 mlrd TRY nağd vəsait əldə edib:

Anar Məmmədov

Anar Məmmədov

“Pandemiya zamanı dünyada bir çox neft-kimya müəssisəsi və neft emalı zavodlarının istehsalını azaltdığı, bəzilərinin isə müvəqqəti olaraq istehsalı dayandırdığının şahidi olduq. Bu dövrdə qrupumuza daxil olan STAR neft emalı zavodu istehsal çevikliyi sayəsində pandemiya şərtlərinə sürətlə uyğunlaşdı və istehsal gücünü aşağı salmadan fəaliyyətini davam etdirdi. Bunun sayəsində “Petkim” əsas xammalı olan naftanı STAR-dan fasiləsiz şəkildə aldı. Bu vəziyyət STAR zavodunun nə qədər uğurlu investisiya olduğunu və STAR-Petkim inteqrasiyasının nə qədər düzgün strategiya üzərində qurulduğunun əyani sübutu oldu. Şirkətimiz 2020-ci ilin II rübündə göstərdiyi yüksək fəaliyyət nəticəsində 145 mln lirə mənfəət əldə etdi. Bu dövrdə müştərilərimizə etibarlı tədarükcü olduğumuzu bir daha sübut etdik.

Bundan başqa, Türk Standartları İnstitutu tərəfindən 19-24 iyunda müəssisələrimizdə həyata keçirilən audit uğurla yekunlaşıb. “Petkim”, STAR və “SOCAR Depolama” şirkətləri “TSE  COVİD-19 etibarlı istehsal sertifikatı” alıb”.

Baş direktor həmçinin əlavə edib ki, çətinliklərə baxmayaraq 2020-ci ilin büdcəsində hədəflənən göstəricilər əldə edilib.