Aralıq dənizi davası: Kim nə istəyir? – TƏHLİL

581

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü açıqlayacağını elan etdiyi xəbər Aralıq dənizində yeni qaz yatağı ilə bağlıdır.

Bu barədə “Euronews” telekanalı hökumət mənbələrinə istinadən xəbər yayıb. Bəzi mənbələr isə qaz yatağının Qara dənizdə tapıldığını bildirir.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Türkiyənin Aralıq dənizinin şərq hissəsinə sayca üçüncü kəşfiyyat-qazma gəmisi olan “Qanuni”ni göndərib. 35 nəfər heyəti olan bu gəmi dənizin dibində dərinliyi üç min metrə qədər olan quyu qazmaq imkanına sahibdir.

Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və altı milyard barel maye qaz yatağının, Kipr adası ətrafında ehtiyyatları səkkiz milyard barel neft yatağının, Krit adasının cənub və cənub-şərqində 3,5 trilyon kubmetr qaz ehtiyatı olan “Heredot” yatağının olduğu ehtimal olunur. 

Lakin indi Aralıq dənizindəki enerji ehtiyatlarından çox regional siyasət mövzusu əsas gündəm təşkil edir. Söhbət Aralıq dənizinin şərq sahillərində dövlətlər arasında yaranan cəbhələşmə və onun mümkün siyasi təsirlərindən gedir.

Ötən həftə Türkiyə Aralıq dənizində bir aylıq (avqustun 18-dən sentyabrın 15-dək) NAVTEX elan edib. NAVTEX ingilis dilində “Navigational telex” sözlərindən düzəldilən dənizçilik terminidir.

Hərəkət edən gəmi “Navtex” adlı cihazla ətrafdakı gəmilərə mesaj verir. Bu mesajlar hava vəziyyəti, qəza və sair ola bilər. Eyni zamanda ölkələr öz sahil sularında hərbi dəniz təlimləri və ya xüsusi fəaliyyət zamanı da NAVTEX elan edir, dənizdəki qurğulara xəbərdarlıq göndərirlər. 

Türkiyənin elan etdiyi NAVTEX sahil sularında kəşfiyyat-qazma fəaliyyəti barədə xəbərdarlıqdır. Yeni NAVTEX çərçivəsində Türkiyənin “Yavuz” kəşfiyyat-qazma gəmisi “Ertuğrul Bey”, “Osman Bey” və “Orhan Bey” adlı tədarük gəmiləri ilə birlikdə qarşıdakı bir ay ərzində ərazi sularında kəşfiyyat-qazma fəaliyyəti həyata keçirəcək. Ancaq “Yavuz”un kəşfiyyat-qazma işləri görəcəyi Türkiyə ilə Cənubi Kipr arasındakı mübahisəli altıncı və yeddinci blokların daxil olduğu ərazilərdə Cənubi Kiprin lisenziyası ilə İtaliyanın ENİ və Fransanın TOTAL şirkətləri də kəşfiyyat işləri aparırlar.

Türkiyəyə cavab olaraq Cənubi Kipr də NAVTEX elan edərək Ankaranın mübahisəli ərazilərdə kəfşiyyat-qazma fəaliyyətlərinə etiraz edib. Türkiyə və Kipr gəmilərini ərazidə hərbi gəmilər müşayiət edirlər. Bu səbəbdən də iki tərəf arasında zaman-zaman gərginlik yaranır.

Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Cozef Borrel Türkiyənin yeni NAVTEX elan etməsinin regionda gərginliyi artıracağını söyləyərək tərəfləri dialoqa səsləyib.

Lakin Ankara geri çəkilmək niyyətində deyil. Xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankaranın maraqlarından geri addım atmayacağını bəyan edib. Ancaq prezident Ərdoğan bildirib ki, onlar dialoqa hazırdırlar, lakin sanksiya və təhdidlərə boyun əyməyəcəklər.

Məsələ ondadır ki, son üç ildə Aralıq dənizinin şərq hissəsindəki zəngin enerji ehtiyatlarının bölüşdürülməsi mövzusu ciddi siyasi müzakirə və mübahisələrə səbəb olub. Xüsusən də əsas mübahisə mövzusu Kipr adası ətrafındakı dəniz sularıdır. Şimali Kiprin rəsmi tanınmaması və yunanların ada ətrafında daha böyük ərazi sularına iddia etməsi mübahisələri daha da dərinləşdirir. Yunan Kipri (Cənubi Kipr) və onun dəstəkçisi olan Yunanıstan Avropa İttifaqının üzvü olaraq rəsmi Ankaranın Avropa və ABŞ-la münasibətlərinin soyumasından Türkiyəyə qarşı istifadə edir. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Aralıq dənizinin şərq sahillərindəki ölkələrlə Türkiyə arasında soyuq münasibətlər var, xüsusən də Misir və İsraillə. Üstəlik Yunanıstan Avropa və ABŞ şirkətlərinə Aralıq dənizində kəşfiyyat-qazma işləri üçün lisenziya verməklə öz tərəfinə çəkməyə çalışır.

Ancaq beynəlxalq təzyiqlər və region ölkələrindəki münaqişələrə rəğmən Türkiyə hökuməti 2019-cu il noyabrın 27-də Liviyanın qərbində fəaliyyət göstərən Milli Saziş Hökuməti ilə dəniz sərhədlərinin delimitasiyası haqqında müqavilə bağlayıb. Bu müqavilə faktiki olaraq Türkiyə və Liviya arasında dəniz sərhədini müəyyən edir və Yunanıstanın Krit adasının şərq hissəsi Türkiyə və Liviya ərazi sularına aid edilir. Müqaviləyə görə, “EastMed” boru kəməri məhz buradan keçərək Yunanıstan torpaqları üzərindən İtaliyaya uzanmalıdır.

Bu isə həm də o deməkdir ki, Yunanıstan, Misir və İsrailin Aralıq dənizində ortaq əməkdaşlığı qeyri-mümkün olacaq. Doğrudur, bu ayın əvvəlində Misir və Yunanıstan dəniz sərhədləri barədə razılaşmanı imzalayıblar. Ancaq Liviyanın Milli Saziş Hökuməti BMT tərəfindən rəsmi olaraq Liviya hökuməti kimi tanındığı üçün Misir-Yunanıstan anlaşmasının işləməsi real görünmür.

Bu səbəbdən də Ankara hazırda Aralıq dənizində Yunanıstan-Misir ittifaqına qarşı daha güclü mövqedədir. Lakin bu üstünlüyü qoruyub saxlamaq üçün Türkiyə həm də Liviyada Milli Saziş Hökumətinin qorunub saxlanmasına nail olmalıdır. Çünki Fəyaz Sərracın hökuməti Liviyada tüğyan edən vətəndaş müharibəsində məğlub olarsa və hakimiyyət Misirin dəstəklədiyi Təmsilçilər Məclisi hökumətinin əlinə keçərsə, o zaman 27 noyabr müqaviləsi ləğv oluna bilər. Bu səbəbdən də Ankara üçün Sərracın müdafiəsi həm də Aralıq dənizindəki siyasi hədəflər baxımdan vacibdir.

Türkiyənin rəqibləri isə İsraili öz tərəfinə çəkməyə çalışırlar. Bir neçə gün əvvəl İsrail XİN-i Yunanıstanın fəaliyyətini dəstəkləyən açıqlama verib. Lakin İsrailin həm də Türkiyə ilə əməkdaşlıq seçimi var. Həmçinin sahil ölkəsi olan Suriyanı öz tərəfinə çəkmək üçün Misir bir neçə həftə əvvəl bu ölkəyə kiçik hərbi kontingent göndərib.

Nəticə etibarı ilə Aralıq dənizinin şərq hissəsində hazırda davam edən gərginlik təkcə enerji resursları uğurunda mübarizə deyil, həm də regional siyasi mübarizədir. Türkiyə indi yalnız “ənənəvi” düşmən Yunanıstanla deyil, həm də Fransadan Misirə və BƏƏ-yə qədər bir çox ölkələrlə nüfuz müharibəsi aparır. Türkiyə bu oyunda bir neçə il əvvələ qədər “NATO-nun şərq qanadı” kimi deyil, yerləşdiyi regionun sahibi kimi çıxış edir.

Kənan Rövşənoğlu