“Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır”.
“Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik”, – Prezident İlham Əliyev qeyd edib.