Yunanıstanın ziyanlı siyasəti – Azərbaycanın TAP kəmərinə qaz vurmaqdan imtina perspektivləri…

444

Elşən Əliyev: “Yunanıstan üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməzsə, bu addım nəzərdən keçirilə bilər”

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya nəql edilməsinə başlanıb. Məlumata görə, Türkiyə-Yunanıstan sərhədində TANAP-a qoşulan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) sınaqları keçirilir və xətdə ehtiyat yaratmaq üçün boruya qaz vurulub.

“Boru kəmərinin, kompressor və ölçmə stansiyalarının sınaqlarına başlandı. Ehtiyat qaz da vurulur və 2021-ci ilin ilk rübündə TAP-ın tam şəkildə istifadəyə verilməsi planlaşdırılır”, – mənbə bildirib.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Xatırladaq ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Hazırda Yunanıstanla Türkiyə arasında Aralıq dənizində aparılan kəşfiyyat qazma işlərilə bağlı ciddi narazılıq var. Azərbaycan birmənalı olaraq bu məsələdə Türkiyəni dəstəkləyir. Bunu Prezident Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən  açıq şəkildə, hətta bir qədər də sərt formada bildirdi. Yunanıstan bu ziyanlı siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın TAP kəmərinə qaz vurmaqdan imtina pespektivlərni necə dəyərləndirmək olar?

İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xəzərin Azərbaycan sektorundan hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb:“Bu barədə TAP konsorsiumunun açıqlamasında bildirilir. Məlumata görə, bununla da Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə İtaliyadakı qəbul terminalı arasındakı 878 kilometrlik hissə birləşdirilib. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunması nəzərdə tutulur.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir. TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33%-i, Yunanıstanın 20%-i, İtaliyanın isə 10,5%-ə qədəri ödəniləcək. Göründüyü kimi, bu layihə yalnız Yunanıstanı əhatə etmir. Həmin boru ilə bir neçə Avropa ölkəsinə qaz nəql ediləcək.  Azərbaycanın bununla bağlı müqavilə öhdəlikləri var və onlar konkret şəkildə təsbit edilib. Ölkəmiz bununla bağlı Türkiyəyə bütün növ dəstəyi verir və verəcək də. Ölkə başçısı da bunu çox açıq şəkildə ifadə etdi. Düşünmürəm ki, Yunanıstanla Türkiyə arasında yaşanan siyasi gərginlik Azərbaycanın TAP kəmərinə qaz vurmaqdan imtinası ilə nəticələnə bilər. Yunanıstan üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməzsə, bu addım nəzərdən keçirilə bilər. Amma Yunanıstanın belə yolu seçəcəyi inandırıcı görünmür. Çünki həmin ölkənin özünün də təbii qaza böyük ehtiyacı var”.

İstənilən halda, bu məsələdə Azərbaycan bütün varlığı ilə Türkiyənin yanındadır.  Gələcək addımların atılmasının bir çoxu isə Yunanıstan davranışlarından asılıdır.

Məhəmmədəli QƏRİBLİ