Qarabağ döyüşləri neft öhdəliklərinin yerinə yetirilməsinə təsir etməyəcək

26

Qarabağdakı döyüş əməliyyatları Azərbaycanın neft sahəsində öz öhdəliklərini yerinə yetirməsinə təsir etməyəcək.

“Report”un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinə bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan layihəsinin öz məntiqi və tərəfdaşlar qarşısında Azərbaycan tərəfindən uzun illərdir sözsüz yerinə yetirilən və bundan sonra da yerinə yetiriləcək öhdəlikləri mövcuddur: “Bunun dəyişəcəyini düşünməyə heç bir səbəb yoxdur”.

Nazir müşaviri bildirib ki, Dağlıq Qarabağda münaqişənin gedişatındakı atəşlər nəticəsində strateji infrastruktura ciddi zərər dəyməyib: “Strateji infrastruktur ciddi ziyan görməyib. Lakin mülki infrastruktur, şəxsi və ictimai – müəyyən sayda məktəb, bağça, məhkəmə binası, vergi və sosial xidmətin rayon bölmələri əhəmiyyətli dərəcədə dağıdılıb”.

İqtisadiyyat Nazirliyinin nümayəndəsinin fikrincə, Ermənistanın ölkənin strateji infrastrukturuna zərər yetirmək cəhdləri daha çox simvolik xarakter daşıyır və üçüncü ölkələrin cəlb olunması üçün münaqişəyə diqqətin çəkilməsinə yönəlib: “Ermənistan rəhbərliyi hər hansı bir uzunmüddətli və ya ortamüddətli plan olmadan hərəkət edir. Baş verənlər çox qısamüddətli və mümkünsüz vəzifələrin istənilən yollarla həll olunması cəhdləri kimi görünür”.