“Azərbaycan qazı Bolqarıstanın, Yunanıstanın və İtaliyanın daxili bazarlarının təbii qaza olan tələbatının müvafiq olaraq 30 %, 20 % və 12 %-ni qarşılayacaq”.
“Report” xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luca Schieppati bildirib.
L.Schieppati həmçinin Azərbaycan qazının həmin ölkələr üçün digər əhəmiyyətini də açıqlayıb:
“TAP layihəsi Yunanıstanın Cənub-Şərqi Avropanın qaz tranzitində rolunu artıracaq və İtaliyanın enerji qiymətlərində rəqabətlilik yaradacaq”.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, ümumi dəyəri 5 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi “Şahdəniz” yatağından illik 10 milyard kubmetrə qədər qaldırılması üçün bu ay hazır olacaq.
E.Nəsirov Trans-Adriatik Qaz Boru Kəmərini nəzərdə tutaraq bildirib ki, iki həftədən sonra yeni bir infrastruktur hazır olacaq.
Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.