Yaralı sörfinqçi qum üzərində qoyduğu ismarıc sayəsində xilas edildi

31

Yeni Zelandiyada yaralı sörfinqçi qum üzərində qoyduğu ismarıc sayəsində xilas edilib.

Bu barədə “Daily Mail” xəbər verir.

Məlumata görə, sörfinqçi lövhənin öhdəsindən gələ bilmədiyi üçün dalğanın təzyiqi altında qaya ilə toqquşub və ağır yaralanıb. O, üzərək çimərliyə çatmağı bacarsa da, yaxınlıqda heç kim olmayıb. Sörfinqçi kömək tapmaq məqsədilə iki saatdan artıq gəzib. Bu müddət ərzində heç kimlə rastlaşmayan kişi bundan sonra Mercer Bay körfəzinə gedib və qumun üzərinə HELP (“Yardım”) sözünü yazıb. Bundan sonra isə yorğun halda yazının yanına yıxılıb.

Turist marşrutu ilə Mercer Bay körfəzinin yanından keçən qadın sörfinqçi yazını görüb və dərhal yaxınlıqdakı Piha məntəqəsindəki sörf klubuna zəng edib. Oradan itkin düşən kişinin axtarışı üçün iki xilasedici göndərilib.

Gənc tapılıb, ona ilkin tibbi yardım göstərilib və yaşayış məntəqəsinə çatdırılıb.

Hazırda o, xəstəxanada müalicə alır.

Oxu.az