Azərbaycan və İranın ticarət dövriyyəsi böyük ölçüdə arta bilər

45

Azərbaycan və İranın ticarət dövriyyəsi ildə 3 milyard dollara qədər arta bilər.

Trend-in məlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası sədrinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Rza Kərbasi İranın Milli Sahibkarlar Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Sahibkarlar Konfederasiyası rəhbərlərinin və digər rəsmilərin iştirakı ilə keçirilən vebinarda deyib.

M.R.Kərbasinin sözlərinə görə, iki ölkə arasında birgə əməkdaşlıq potensiallarının yüksək olmasına baxmayaraq, ticarət imkanlarında münasib səviyyədə istifadə olunmayıb: “Hazırda Azərbaycanda bir çox layihələr icra olunur. İranın özəl sektoru bu layihələrdə iştirak edə bilər. Xüsusilə də Qarabağın işğaldan azad edilməsi ilə İranın texniki-mühəndislik şirkətlərinin iştirakına zəmin yaranıb”.

Qeyd edək ki, İranın Ticarət İnkişafı Təşkilatının hesabatına əsasən, İranla Azərbaycanın ticarət dövriyyəsi 11 ay (20 mart 2020 – 18 fevral 2021) ərzində 364 milyon dollar dəyərində 936 min ton təşkil edib. Qeyd olunan müddətdə İran Azərbaycana 343 milyon dollar dəyərində 912 min ton məhsul ixrac, Azərbaycandan 21,4 milyon dollar dəyərində 24 min ton məhsul idxal edib.