ASCO-da Vətən müharibəsi iştirakçıları, həmçinin övladı Şəhidlik zirvəsinə yüksələn əməkdaşlarla görüş keçirilib

426

Novruz bayramı ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanması, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “ASCO Nəqliyyat” MMC, “ASCO Mühafizə” MMC, İstesalat Xidmətləri İdarəsindən olan müharibə iştirakçıları, həmçinin bu strukturlarda çalışan və övladı Şəhidlik zirvəsinə yüksələn valideynlərlə görüş keçirilib.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsi və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə diqqətə çatdırılıb ki, 2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə dünyaya bir daha sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”.

Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları da qeyd edib ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı.

Bununla yanaşı, şərəfli döyüş yollarından böyük fəxrlə danışan döyüş iştirakçıları diqqət və qayğıya görə ASCO sədri Rauf Vəliyevə təşəkkürlərini bildiriblər.

Sonda Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçılarına və övladları Vətən uğrunda Şəhidlik zirvəsinə yüksəlmiş dənizçi valideynlərə “Təşəkkürnamə” təqdim olunub, onlara bayram sovqatı verilib.