Dünya miqyasında Azərbaycanın tranzit imkanlarına ehtiyac artır…

236

Ötən ay Süveyş kanalında “Ever Given” gəmisi tərəfindən yaranan tıxac alternativ daşıma xətləri ilə bağlı məsələnin getdikcə daha çox müzakirə predmetinə çevrilməsi ilə müşayiət edilir. Bu haqda danışmazdan öncə qeyd edək ki, Süveyş Kanalı İdarəsi (SKİ) kanalda tıxac yaratdığına görə “Ever Given” gəmisinin sahibi olan Yaponiyanın “Shoei Kisen” şirkətindən 900 milyon dollar təzminat tələb edir. Qurumun iddiasına görə, kanalın 1 həftə bağlı qalması məhz 900 milyon dollara başa gəlib və bu itkiyə görə məsuliyyəti gəmiyə sahib olan şirkət daşımalıdır. Artıq şirkət də məsələyə münasibət bildirib və bəyan edib ki, bu problem Süveyş Kanalı İdarəsi ilə müzakirə ediləcək.

Bu məlumatlardan da göründüyü kimi, Asiyadan Avropaya yük daşınması ilə məşğul olan şirkətlər və dövlət müəssisələri yeni problemlə qarşı-qarşıyadır. Heç kəs bu kimi halların təkrarlanmayacağına zəmanət verə bilməz. Yüklərin alternativ yolla daşınması bu fonda daha da aktuallaşır. Bu alternativ isə indiki halda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Araşdırmalar göstərir ki, Cənub-Şərqi Asiya ölkələrində Avropaya və əks istiqamətə yüklər İranın Çabahar və Bəndər Abbas limanları vasitəsilə daşınsa, risqlər ən aşağı həddə enər. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, Asiyadan yük daşıyan gəmilər kanala deyil, körfəzə daxil olaraq limana yan alır ki, burada da ilişib qalaraq tıxac yaratmaq mümkün deyil. Bundan başqa, yük gəmisinin, necə deyərlər, dünyanı dolaşıb Avropa limanlarına da daxil olmasına ehtiyac yoxdur. Gəmilər İranın adı yuxarıda çəkilən limanlarına daxil olduqdan sonra yüklər vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya ərazisindən tranzit keçməklə Qərbi Avropa ölkələrinə çatdırılacaq. Beləliklə də heç bir şirkət tixaca görə təzminat ödəmək məcburiyyətində qalmayacaq. Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi ilə yüklərin daşınması daha az vaxt aparır. Asiyadan Misirin Süveyş kanalına, oradan Hibraltar və La-Manş keçidlərinə qədər yük gəmilərinin daşınması 1 ay vaxt aparır. Bir neçə dövlətdən keçərək dəfələrlə gömrük rəsmiləşdirməsindən keçən gəmilər üçün yükün daşınması da baha başa gəlir. “Şimal-Cənub” vasitəsilə yüklər 15 gün müddətində mənzil başına çatdırılır.

Dünyada ən böyük ixracatçı ölkə olan Çin üçün də “Şimal-Cənub” dəhlizinin işə düşməsi olduqca mühümdür. Çünki yüklərin bu marşrutla daşınması Çinə daha ucuz başa  gəlir. Digər tərəfdən, Çin İranla qarşılıqlı strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb. İran mətbuatının yazdığına görə, müqaviləyə əsasən, Çin İran iqtisadiyyatına 400 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Hazırda İranla Çin arasında ticarət dövriyyəsi 31 milyard dollardır. Bugünə kimi Çin neftə olan tələbatının yalnız 3 faizini İrandan, 17 faizini Səudiyyə Ərəbistanından, 10 faizini İraqdan, Küveytdən və digər ərəb ölkələrindən alırdı. İran mətbuatının yazdığına görə, strateji əməkdaşlığa əsasən, Çinin neftə olan tələbatı İran tərəfindən qarşılanacaq ki, bu da “Şimal-Cənub” dəhlizi ilə daşınacaq. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Çin 25 il müddətində İran iqtisadiyyatının müxtəlif sahələrinə 400 milyard dollar investisiya yatırmağı hazırlaşır. Çin sərmayəni əsasən İranın nəqliyyat sahəsinə yatırmağı planlaşdırır. Pekin İranın Çabahar limanının və “Şimal-Cənub” dəhlizində istifadə olunan dəmir yollarının inkişafında maraqlıdır.

Azərbaycan da baş verənləri diqqətlə izləyir. İstər Çin, istərsə də İranla ölkəmizin müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri var. Hər iki dövlətlə nəqliyyat-tranzit, ticarət, sənaye, turizm sahələrində əməkdaşlıq Azərbaycan üçün prioritet siyasi xətdir. Ölkəmiz bir tərəfdən Çinin təklif etdiyi “Bir kəmər, bir yol” layihəsinə qoşulmaqla Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrdə dayaq məntəqəsinə, digər tərəfdən də İranın da iştirak etdiyi “Şimal-Cənub” dəhlizi layihəsinə qoşularaq logistika mərkəzinə çevrilir. Bundan başqa, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın işğalında qalan ərazilərini azad edib ki, bu da qlobal iqtisadi proseslərdə yeni vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyət ondan ibarətdir ki, Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yolları tezliklə bərpa edilərək istifadəyə veriləcək. Bu yollar Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu da onu göstərir  ki, İranla Çin arasındakı əməkdaşlıq rəsmi Bakı üçün də faydalı sayıla bilər. Yəni dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çinlə regionun fəal dövləti olan İran arasında strateji əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Türkiyənin Kocaeli Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bu fonda bildirir: “Tarixi İpək Yolunun yenidən dirçəldilməsi və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinə çevrilməsi xammal və məhsul transferində alternativ iqtisadiyyatın təməlini istehsal və ixracat üzərində quran qlobal şirkətlər və dövlətlər üçün Cənubi Qafqazın cazibəsini daha da artırıb. Cənubi Qafqaz bölgəsi 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq paradiqmaları dəyişdirilən mühüm və strateji bir coğrafi əraziyə çevrilib. Qərb dünyasının ticarət, xüsusən enerji nəqli baxımından bu günlərdə etibarlı olmayan xətlərin alternativi olaraq İpək Yoluna, Azərbaycan-Cənubi Qafqaz-Türkiyə marşrutuna üstünlük verməsi qaçılmazdır. Bu alternativ model isə, Cənubi Qafqazın bölgədəki əhəmiyyətini artırmaqla yanaşı, Şərq-Qərb nəqliyyat xəttində strateji bir mövqe təşkil edir”.

Nahid SALAYEV