ASCO nümayəndəsi “İmkanlar və maneələr: TRACECA çərçivəsində beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar” tədbirində iştirak edib

72

“İmkanlar və maneələr: TRACECA çərçivəsində beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar” adlı onlayn tədbir keçirilib.

Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) İstismar-kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov təmsil edib.

“Xəzər dənizi üzərindən həyata keçirilən bərə daşımaları” mövzusunda məruzə ilə çıxış edən Niyaməddin Aslanov bildirib ki, hazırda ASCO-nun Dəniz Nəqliyyatı Donanması və Xəzər Dəniz Neft Donanmasının balansında ümumilikdə 260-dan çox müxtəlif təyinatlı gəmi istismar olunur. ASCO gəmiləri Xəzər dənizi ilə yanaşı, Qara və Aralıq dənizi hövzələrində də fəaliyyət göstərir.

Niyaməddin Aslanov qeyd edib ki, hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və dəmiryolu vaqonlarının Xəzər dənizində daşınmasını ümumilikdə 14 bərə və 2 RoRo tipli gəmi həyata keçirir.

O, bugünlərdə yükdaşımalara cəlb edilən RoPax tipli ilk milli istehsalımız olan unikal “Azərbaycan” gəmi-bərəsi barədə də məlumat verib. Qeyd edib ki, hazırda eyni tipdən olan “Akademik Zərifə Əliyeva” adlı daha bir gəmi-bərənin də tikintisi davam etdirilir. Bu gəminin gələn il istismara verilməsi planlaşdırılır.

Niyaməddin Aslanov əlavə edib ki, hazırda ASCO Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), TRACECA kimi müxtəlif beynəlxalq layihələrin üzvü olaraq yükdaşmalarının həcmini artırmaq üçün müxtəlif addımlar atır, müntəzəm olaraq yük maşınlarının daşınması tariflərinə əlavə endirimlər edir. Bununla belə, qlobal pandemiyaya, eləcə də gəmilərin istismar xərclərinin və yanacaq qiymətlərinin artmasına baxmayaraq, marşrutları daha cəlbedici etmək üçün qiymətləri əvvəlki səviyyədə saxlamaq mümkün olub.

Qeyd edək ki, “İmkanlar və maneələr: TRACECA çərçivəsində beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar” adlı onlayn tədbirdə Azərbaycanı təmsil edən nümayəndələrlə yanaşı, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Tacikistan, Türkiyə, Özbəkistan, Beynəlxalq Avtomobil Nəqliyyatı Birliyinin nümayəndələri də iştirak ediblər.

seanews.az