Azərbaycan qazını Avropaya nəql edəcək boru kəmərinin tikintisi yubanır

96

Tikintisi yubanan Yunanıstan – Bolqarıstan qaz kəməri (IGB) 2022-ci ilin iyun ayından tez istismara verilməyəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə layihənin operatoru Boqarıstanın İCGB şirkəti bildirib:

“Koronavirus pandemiyası, habelə Bolqarıstan ərazisində bəndin altından tikinti üçün ekoloji rəy almaq zərurəti IGB layihəsinin icrasında yubanmaya səbəb oldu”.

Qeyd edək ki, Yunanıstanla Bolqarıstan arasında çəkiləcək 240 milyon avro dəyərinə malik boru kəmərinin 2020-ci ilin sonunadək hazır olacağı nəzərə tutulurdu. Belə ki, Şahdəniz yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın ildə 1 milyard kubmetrinin Bolqarıstana nəql ediləcəyi IGB kəməri TAP layihəsinə qoşulacaq. Bu barədə “Bulgargaz” dövlət şirkəti Şahdəniz konsorsiumu ilə 25 illik müqavilə imzalayıb. Nəticədə Bolqarıstanın təbii qaza ehtiyacının 25-30 faizi ödəniləcək.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.