“Star” NEZ Egey bölgəsinin ən böyük sənaye müəssisəsi seçilib

270

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan STAR Neft Emalı Zavodu (NEZ) və “Petkim” Egey Bölgəsi Sənaye Palatasının (EBSO) elan etdiyi “Egey Bölgəsinin Ən Böyük 100 Sənaye Müəssisəsi” siyahısında ilk üçlükdə yer alıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinin 2020-ci il üzrə istehsal həcmi və satış göstəricilərinin qiymətləndirilməsinə əsasən hazırlanmış siyahıda birinci yerə STAR NEZ layiq görülüb.

2020-ci ildə 10,3 milyon ton istehsal və 24 milyard TL-lik ümumi satış həcmi ilə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında ən yüksək nəticə göstərən STAR NEZ yarandığı gündən bu vaxta kimi davamlı inkişaf dinamikasına nail olub. Ötən il 10,3 milyon ton xam neft emalı həcmi ilə Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25 %-ni təkbaşına təmin etmiş STAR NEZ-in çətin pandemiya şəraitində göstərdiyi uğurlu fəaliyyəti diqqətdən yayınmayıb.

İldə 3,6 milyon ton istehsal gücü ilə 15 əsas və 6 köməkçi müəssisədə 60-a yaxın müxtəlif məhsulun istehsalını həyata keçirən “Petkim” isə həmin siyahıda 3-cü yerdə qərarlaşıb. Pandemiya nəticəsində qlobal tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq 2020-ci il boyunca istehsal prosesini fasiləsiz davam etdirmiş Petkim dünyada bir çox neft-kimya müəssisələrinin istehsalı azaltmaq və ya dayandırmaq məcburiyyətində qaldığı bir dövrdə istehsal aktivliyini 88 %-ə çatdıraraq mühüm göstəricilərə nail olub.

 Anar Məmmədov

Anar Məmmədov

STAR NEZ-in və “Petkim”in uğurlarını dəyərləndirən “SOCAR Türkiy”e Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı ölkədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsalını həyata keçirən STAR NEZ daxili bazara təklif etdiyi strateji məhsullar sayəsində Türkiyə iqtisadiyyatına mühüm töhfə verir: “Fəaliyyətə başladığı 2018-ci ildən qısa müddət keçməsinə baxmayaraq zavodun ilk dəfə iştirak etdiyi bu qiymətlədirmədə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında 1-ci yerə layiq görülməsi bizi çox sevindirir. Eyni zamanda digər törəmə şirkətimiz olan Petkim-in də həmin siyahıda ilk üçlükdə yer alması qürurvericidir. Türkiyə sənayesinin strateji sahələrində uğurla fəaliyyət göstərən iki nəhəng müəssisəmizlə istehsal gücümüzü göstərməyə və ölkə iqtisadiyyatına dəyərli töhfələr verməyə davam edəcəyik.”