Təhsil İnstitutu müəllimləri logistika və nəqliyyat ixtisaslaşması üzrə əməkdaşlığa dəvət edir

275

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

-əməliyyatların tədqiqi (xətti proqramlaşdırma, simpleks üsulu, qoşmalıq (duality), zəif və güclü qoşmalıq teoremləri, həssaslıq analizi, qeyri-xətti proqramlaşdırma);

-təchizat zəncirlərinin idarə olunmasına giriş (təchizat zəncirlərinin ümumi iş prinsipləri, təchizat zəncirlərinin modulları haqqında ümumi məlumat (təchizat, istehsalat, anbarlama, çatdırılma), “Qamçı effekti” və s. );

-statistika (təsadüfi proseslər, diskret və kəsilməz paylanma düsturları, normal paylanmanın əhəmiyyəti və tətbiqləri, əldə edilmiş dataların təsviri statistikalarının çıxarılması və s.);

-“Python” proqramlaşdırma dili (proqramlaşdırmaya giriş, “Python”da data növləri, dataların manipulyasiyası, verilənlərin təsviri, statistika göstəricilərinin çap edilməsi, Numpy/Pandas/SciKit kimi kitabxanalar).

Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) innovations@arti.edu.az ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciətlər avqustun 23-ü saat 23:59-dək qəbul olunur.