Ələt Azad İqtisadi Zonasında veriləcək güzəştlər barədə Metbuat.az iqtisadçı ekspert Eldəniz Əmirov ilə müsahibə aparıb.
Metbuat.az xəbər verir ki, ekspert bildirdi ki, şirkətlər güzəştlərin edilməsi baxımından AFEZ-də (Alat Free Economic Zone) 3 yerə bölünəcək.
“Birinci qrupdan olan əsas müştərilər – əsas investorlara bütün güzəştlər ediləcək. Bunlar beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixraca yönəlmiş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərdir. İkinci qrup şirkətlər zonadan kənarda yerləşən və güzəşti olmayan şirkətlərdir. Bunlar AFEZ-in əsas müştəriləri üçün köməkçi məhsullar hazırlayan şirkətlər olacaq və onlara icazə veriləcək ki, zonaya bitişik xüsusi ayrılan ərazidə yerləşsin. Üçüncü qrup şirkətlərin isə zonada yerləşəcək, amma güzəştləri olmayacaq. Onlar da AFEZ-ın əsas müştərilərinə kommersiya, pərakəndə və məişət xidməti göstərən şirkətlərdir. Göründüyü kimi, əsas AFEZ-in taleyində 1-ci qrup rol oynayacaq”.
Bəs şirkətlərə verilən güzəştlər hansı formada olacaq? Eldəniz Əmirov qeyd etdi ki, bu siyahıda korporativ vergilər – 0%, ixrac üçün mallara gömrük və ƏDV – 0%, asanlaşdırılmış gömrük rejimi və s kimi xeyli sayda güzəşt istiqamətləri əks etdirilib. Onun sözlərinə görə, burada daha diqqət cəlb edən vacib güzəştlər xarici mülkiyyət məhdudiyyətinin olmaması, xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı məhdudiyyət olmaması, mübahisələrin beynəlxalq standartlara uyğun olaraq həll edilməsi, investorların qorunması kimi güzəştlərdir.
“Bu güzəştlər 0% vergi, 0% gömrük güzəştlərindən daha vacibdir. Çünki, xarici investor özünü təzyiq altında hiss etməməlidir, mülkiyyət məhdudiyyətilə qarşılaşmamalıdır, qazandığı mənfəəti istədiyi zaman ölkədən sərbəst çıxara bilməlidir. Xarici investor nəinki bunlar pozulduqda, hətta pozulma ehtimalını hiss etdikdə belə ilk fürsətdə buradan qaçacaq. Hətta ən adi güzəştlərindən belə maksimum yararlanmaları üçün imkan vermək lazımdır. Məsələn, verilən güzəştlərdən biri belədir ki, xarici işçilərin Dövlət Sosial Müdafiə fondunda iştirakı, yəni bu fonda ödəniş edib etməməsi könüllü olacaq. Yəni bu ödənişləri edib etməməyə işçi və çalışdığı şirkət qərar verəcəklər. Hətta bu məsələdə belə Dövlət Sosial Müdafiə fondunda bir az artıq vəsait yığılsın deyə bu şirkətlərə rəsmi və ya qeyri-rəsmi səviyyələrdə təzyiq etmək, buna cəhd etmək kimi hallara yol verilməməlidir”.
Eldəniz Əmirov vurğuladı ki, miqyasından asılı olmayaraq istənilən təzyiq növü xarici investoru Azərbaycandan qaçıran ən başlıca səbəbdir. Buna görə də nə olursa olsun, hansısa qurumun, hansısa məmurun və ya hansısa bürokratik əngəllərin bu güzəştlərdən xarici investorların tam istifadə etməsinə mane olmasına imkan vermək olmaz.
“Çünki, bu təkcə investorun və ya bu azad iqtisadi zonanın taleyinə yox, bütöv Azərbaycan iqtisadiyyatının taleyinə ciddi zərbə olar. Ona görə ki, bu AFEZ qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axının yeni dalğasını yarada bilər. Yetər ki, onların Azərbaycan ərazisində azad iqtisadi fəaliyyət imkanlarının yaradılmasına inamını, güvənini qazana bilək. Bu inamı qazanmaq üçün AFEZ əla bir fürsətdir. Belə fürsətlər hər deyəndə ələ düşmür”.
Gülbəniz Hüseynli / Metbuat.az