Belçika Ukraynaya elmi-tədqiqat gəmisi verib

189

Belçika dəniz mühitini araşdırmaq üçün zəruri avadanlıqla təchiz edilmiş “Belgica” elmi-tədqiqat gəmisini Ukraynaya təhvil verib.

“Seanews.az”-ın məlumatına görə, gəmi Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi, Belçika Federal Elm və Siyasət İdarəsi və Belçika Kral Təbiət İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Təbii Sərvətlər Nazirliyinin Ukrayna Dəniz Ekologiyası Elmi Mərkəzinin ixtiyarına veriləcək.

1984-cü ildə inşa edilmiş gəmi təxminən 1 milyon kv.km dəniz sahəsini araşdırmış və mindən çox elmi kampaniya aparmışdır.

Yaxın gələcəkdə gəmi Zebryuq limanından Odessaya istiqamət götürəcək. Səfər zamanı yoxlanılması üçün müxtəlif yerlərdə dənizin suyundan və dibinin çöküntülərindən nümunələr götürüləcək.

Gəminin Ukraynaya oktyabr ayında gəlməsi gözlənilir. Bundan sonra elmi-tədqiqat gəmisinə yeni ad veriləcək və Qara və Azov dənizlərində əməliyyatlara başlayacaq.