İspaniya pilotsuz uçuş aparatı vasitəsi ilə Cəbəllütariq boğazından tranzit keçən gəmilərdən ətraf mühitə atılan tullantıların monitorinqini aparır.
“Seanews.az”-ın məlumatına görə, iyulun ortalarından start verilən və Tarifa şəhərindəki bazadan həyata keçirilən layihə oktyabrın sonuna qədər davam edəcək.
“Camcopter S100 İHA” pilotsuz uçuş aparatının havada olma müddəti 6 saat, uçuş məsafəsi 100 km-dir.
Uçuş aparatı CO2 emissiyalarının səviyyəsini qeyd edən xüsusi kameralar və sensorlarla təchiz edilib.
Ölçmələr və qeydlər avtomatik olaraq məlumat mübadiləsi sistemində kodlaşdırılır. Pilotsuz aparatlar hər gün iki uçuş – orta hesabla 10 yoxlama həyata keçirir. İndiyədək yoxladığı 294 gəmidən 27-də icazə verilən həddən artıq karbon qazı tullantıları qeydə alınıb.