Hörmətli tələbələr!
Sizi yeni 2021/2022-ci tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir ən xoş arzularımı və böyük hörmətimi bildirirəm.
Dənizçi peşəsi qürurverici olmaqla yanaşı, böyük zəhmət tələb edir. Mən əminəm ki, bu çətin yolda siz imanla irəliləyəcək və Akademiyanın adını daha da yüksəklərə qaldıracaqsınız.
Akademiyamızın bütün tədris bazası, o cümlədən Təlim Tədris Mərkəzi də məhz bu vəzifələrin icrasına hazırlanıb və tam sizin ixtiyarınızda olacaq. Yenicə əsaslı təmirdən çıxmış tədris binası, ən son tələblərə uyğun laboratoriya və trenajorlar, yüksək ixtisaslı professor-müəllim heyəti tələbələrimizin müasir biliklərə yiyələnməsində başlıca amillərdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, nəqliyyatın ayrılmaz hissəsi sayılan dənizçilik sahəsi də gündən-günə inkişaf edir. Bu inkişaf regionda peşəkar və beynəlxalq standartlara uyğun dəniz daşımaları və xidmətləri göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) xüsusilə özünü göstərir. Azərbaycan Dövlət Dəniz Akademiyası olaraq qürur hissi ilə deyə bilərik ki, ASCO-da çalışan əməkdaşların böyük hissəsini bizim məzunlar təşkil edir. Hər il ADDA-nı uğurla bitirən tələbələr Gəmiçiliyin müvafiq strukturlarında işlə təmin olunurlar.
Xüsusilə bu il yenicə ADDA-ya daxil olmuş birinci kurslara demək istərdim ki, tələbə adını qazanmaq məsuliyyətli yolun ən asan hissəsidir. Bu adı doğrultmaq, valideynlərinizə və Vətənimizə layiqli övlad olmaq ən əsas məsələlərdəndir. Bu yolda sizə, ADDA-nın bütün tələbələrinə Akademiyamızın professor-müəllim heyəti adından uğurlar arzulayıram.
Yeni tədris ili xüsusi karantin rejimi dövründə başlayır. Ümid edirəm ki, sizin hər biriniz pandemiya ilə mübarizə aparan dövlət qurumlarının zəruri tövsiyələrinə əməl edəcək, bu mübarizənin ön sıralarında bütün lazımi tədbirlərə qoşulacaq, bununla da özünüzün və ailə üzvlərinizin sağlamlığını qoruyacaqsınız.
Bir daha yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimlərimizi təbrik edirəm!
adda.edu.az