Kimyəvi yüklər daşıyan “BOW SUMMER” tankerində heyət üzvlərindən biri “COVID-19”-dan dünyasını dəyişib.
“Seanews.az”xəbər verir ki, dənizçi vəfat edəndə gəmi Antverpen limanında lövbərdə olub.
Ora oktyabrın 10-da axşam Durbandan (Cənubi Afrika) Kanar adasının Las-Palmas şəhərində qısa müddətdə dayanmaqla gəlib.
Norveç bayrağı altında üzən gəminin təchizat, ehtiyat və ya heyət dəyişikliyinə ehtiyac səbəbindən xətdən çıxdığı güman edilir.
Dənizçinin ölümünə rəsmi səbəb kimi koronavirus infeksiyası göstərilib. Gəmidəki fövqəladə vəziyyətdən sonra bütün heyətdən koronavirus testi götürülüb. 26 dənizçidən 13-də testin nəticələri müsbət olub. Yoluxmuş dənizçilər sahil karantin müəssisələrinə yerləşdirilib.
Gəminin məxsus olduğu şirkətdə tankerin göyərtəsindəki ölüm faktını, habelə heyətin yarısının COVID-19-a yoluxduğunu təsdiqləyiblər və bütün heyəti dəyişəcəklərini bildiriblər.