Çinin ən böyük avtomobil istehsalçısı və ixracatçısı iki yeni gəmi alacaq

69

Çinin dövlətə məxsus olan, ölkənin ən böyük avtomobil istehsalçısı və ixracatçısı – “SAIC Motor” şirkəti hər biri 7 600 avtomobili daşıya bilən iki yeni gəmi alır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı sövdələşmə yaxın həftələrdə imzalanacaq.

Əqd şirkətin logistika bölməsi olan “Anji Logistics”in üzərindən rəsmiləşdiriləcək.

Hazırda “SAIC Motor”un hər biri 4 300 avtomobil daşıya bilən 25 gəmisi var. Yeni gəmilər tədarüklə bağlı qlobal problemləri həll etmək, limanların yükləndiyi şəraitində avtomobillərə artan kəskin tələbatı ödəmək üçün alınır. Belə ki, pandemiyadan sonra artan tələbata görə yük gəmiləri limanlarda növbəyə dayanıb. Bu baxımdan iri tutumlu gəmilər “SAIC Motor”a tədarükü daha operativ şəkildə həyata keçirməyə imkan verəcək.

Ötən ay Çin 220 min ədəd avtomobil ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86% çoxdur. Bu ilin 10 ayında isə avtomobil ixracı illik müqayisədə iki dəfə çox – 2,43 milyon ədəd olub.