“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında konvension ixtisasların trenajorlarda tədris aparan müəllimləri üçün növbəti Master-klass keçirilib.
Sinqapurda yerləşən “NN services” şirkətinin baş direktoru, Sinqapurun dünyada tanınan trenajor istehsalçısı olan STSTC kompaniyasının baş nümayəndəsi Kirill Nikankin “Müasir Naviqasiya, GMDSS və Gəmi energetik qurğuları trenajorları” mövzusunda ustad dərsi ilə çıxış edib.
Qonağı təqdim edən tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov bildirib ki, ADDA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi layihəsi çərçivəsində texniki və mənəvi cəhətdən köhnələn trenajorları müasirləşdirmək, zəruri proqram təminatını təzələmək üçün bütün lazımi tədbirləri görülür, dünyanın aparıcı istehsalçılarının təcrübəsi araşdırılır, görüşlər və danışıqlar planlaşdırılır. Sinqapurun STSTC şirkəti də məhz müasir simulyatorları ilə beynəlxalq bazarda sanballı yer tutur.
Kirill Nikankin ən müasir tədris metodologiyalarına əsaslanan, dinləyiciləri yerindəcə qiymətləndirməyə imkan verən trenajorlarda gəmi sürücülərinin, mexanik və elektromexaniklərin hansı yeni biliklərə və vərdişlərə yiyələnməli olduqlarından, yeni texnologiyaların potensial və üstünlüklərindən, beynəlxalq bazarda təklif olunan qurğuların xüsusiyyətlərindən ətraflı söhbət açıb. Qeyd edib ki, rəhbərlik etdiyi şirkət MDB məkanında fəaliyyət göstərən ali dənizçilik məktəbləri ilə sıx əməkdaşlıq edir. İndi isə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə iş birliyi qurmağa, öz qabaqcıl təcrübəsini bölüşməyə hazırdır.
Qonaq beynəlxalq dənizçilik bazarında ADDA məzunlarının yüksək qiymətləndirildiyini vurğulayıb, onların hazırlıq səviyyəsinin son tələblərə uyğun qaydada təmin edilməsi üçün “NN services” şirkətinin texniki dəstəyini təklif edib.
Sonda müəllimləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.