Dünyanın ilk tanker-muzeyinə maraq gündən-günə artır

354

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO)  “Suraxanı” gəmi-muzeyinin ilk ziyarətçisini qəbul etdiyi gündən 6 ay ötür.

Bu müddətdə “Suraxanı” 26 000 nəfər həm yerli, həm də xarici qonaq qəbul etməklə ölkənin ən çox ziyarət edilən muzeyləri sırasında qərarlaşıb.

Muzeyin izləyiciləri arasında Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri də var. İndiyədək dünyanın ilk tanker-muzeyinə bu kateqoriyadan olan 1000-dən çox ziyarətçi gəlib.

Ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeyi ziyarət etməklə Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanış ola bilərsiniz.

Fərdi ziyarətçilər 5 AZN, tələbə və məktəblilər, ASCO-nun əməkdaşları və dənizçiləri, eləcə də onların ailə üzvləri 2 AZN ödəməklə muzeylə tanış ola bilərlər.

Bununla belə, Azərbaycanın Milli Qəhrəmanları, şəhid ailələri, Sovet İttifaqı Qəhrəmanları, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri iştirakçıları, 20 Yanvar və Çernobıl əlilləri, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən şəxs (1 nəfər), veteran dənizçilər “Suraxanı” gəmi-muzeyinə ödənişsiz və növbəsiz giriş hüququna malikdirlər.