Bakıda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkədə səfərdə olan Qazaxıstan Respublikasının “Samruk-Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı iki ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının sinxronlaşdırılması barədə müzakirələr aparılıb.
Nazir bildirib ki, Azərbaycan və Qazaxıstan arasında nəqliyyat əlaqələri müsbət tendensiyalar əsasında inkişaf edir.
R. Nəbiyev əlaqələrin daha da genişləndirilməsi üçün bu görüşdə aparılan müzakirələrin faydalı olacağına əminlik ifadə edib.
Nazir qeyd edib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.
Qeyd olunub ki, regionda baş verən hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir.
Görüşdə vurğulanıb ki, Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri – Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələrimiz arasında mövcud nəqliyyat şəbəkəsinin tam gücü ilə istifadə edilməsini təmin etmək üçün real şərtlər yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması olub. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin çatdırılma müddətini 12 günə qədər azaldıb.
“Vahid nəqliyyat sisteminin yaradılması layihəsinin icrası çərçivəsində müştərək şirkətin yaradılması və nəqliyyat-logistika biznes fəaliyyətinin aparılması, gömrük işinin sadələşdirilməsi üçün ümumi təlimatların müəyyən edilməsi zəruridir”, – deyə tədbirdə vurğulanıb.
Görüş Azərbaycan və Qazaxıstan arasında nəqliyyat sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müxtəlif aspektlərinə dair müzakirələrlə davam edib.