Nazir: “Avropadan Azərbaycana əlavə qaz tədarükü ilə bağlı müraciətlər daxil olur”

307

“Avropa ölkələrindən Azərbaycana əlavə qaz tədarükü ilə bağlı çoxsaylı müraciətlər daxil olur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Haber Global”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə əməkdaşlığı nümunəvi xarakter daşıyır.

“Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə həyata keçirilən enerji layihələri Avrasiyanın enerji xəritəsini uzun illər ərzində dəyişdirib. Son 15 ildən artıq bir müddətdə Azərbaycan həmin bu iş birliyi nəticəsində Avropaya neft və neft məhsullarını tədarük etməkdə davam edib. Artıq TAP layihəsi ilə Gürcüstan və Türkiyə üzərindən Xəzər dənizinin qaz ehtiyatları hesabına Avropaya qaz təchizatına başlanılıb. Birinci mərhələdə 10 milyard kubmetr qazın Avropa bazarlarına, ilk olaraq üç ölkəyə İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılması təmin edilib. Hazırda da müraciətlərin sayı çoxdur. Qərbi Balkanlar və digər Avropa ölkələrinə əlavə qaz həcmlərinin daxil olması üçün müraciətlər daxil olur. Bu istiqamətdə Azərbaycan və Türkiyə iş birliyi hesabına yaxın zamanlarda qaz həcmlərinin artırılması istiqamətində addımlar atılacaq”, – C.Bayramov əlavə edib.