Heç kimə lazım olmayan “Urals”…

293

Rusiya limanlarından ixrac edilən neftin böyük qisminə alıcı tapılmır., “Urals” markalı Rusiya nefti ilə yüklənmiş tankerlər açıq dənizlərdə gözləyir, çünki alıcılar sanksiyaların təsiri altına düşməmək üçün Rusiya neftini almaqdan çəkinirlər.

Hələlik ancaq ABŞ Rusiya neftinin idxalına qadağa qoyub, Böyük Britaniya da bunu etməyə hazırlaşır. Amma Qərbin tətbiq etdiyi digər sərt sanksiyalar neft treyderlərini Rusiya neftinin alqı-satqısına dair müqavilələr bağlamaqdan çəkindirir.

“Goldman Sachs” analitikləri qeyd edirlər ki, Rusiya limanlarından ixrac edilən neftin böyük hissəsinə tələbat yoxdur.  “JP Morgan” bankının analitikləri isə Rusiyanın dəniz neftinin 70 faizə yaxınının alıcı tapa bilmədiyini qeyd edirlər. Baxmayaraq ki, Rusiya nefti digər ölkələrin neftinə nisbətən xeyli ucuz təklif edilir. Son məlumatlara görə, “Brent” markalı neftin qiyməti hazırda 136 dollara çatsa da “Urals” markalı Rusiya neftinin bareli 103 dollardan təklif edilirdi. Ötən həftə isə ümumiyyətlə Rusiya neftinin 18-20 dollardan satılması faktları qeydə alınmışdı.

Qeyd edək ki, Azərbaycan da Bakı-Novorosiysk kəməri ilə nəql etdiyi “Azeri Light” neftinin əvəzində Novorosiysk limanından “Urals” markalı nefti satır (qiymət fərqi nəzərə alınmaqla). Son məlumata görə Ceyhan limanından yüklənən “Azeri Light” neftinin qiyməti 135 dollara yaxındır, amma Azərbaycanın Novorosiysk limanından realizə etdiyi “Urals” nefti 103 dollara satılır. Bir gün əvvəl isə qiymət bundan 7,64 dollar aşağı idi.

Rusiya neftinə ABŞ tərəfindən embarqo qoyulması və alıcıların sanksiyaların təsiri altına düşməkdən çəkinərək ondan imtina etməsi nəticəsində hazırda dünya bazarında neftin qiyməti kəskin artıb. lakin analitiklər bu vəziyyətin çox davam etməyəcəyini düşünürlər. Xüsusən də ABŞ Venesuelaya qarşı tətbiq etdiyi neft sanksiyalarını yumşaltsa bu bazara ciddi təsir edəcək. “Reuters” məlumat verir ki, Birləşmiş Ştatlar Venesuela ilə danışıqlarda irəliləyiş əldə edib. Mənbələr deyirlər ki, ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmağa hazırdır, bir şərtlə ki, bu ölkə ABŞ-a neft satsın. Venesuela neftinin bazara çıxması Rusiya neftindən asılılığı azaltmağa imkan verəcək. Qərb analoji danışıqları İranla da aparır və tərəflər nüvə sövdələşməsinə qayıda bilsələr İran neftinin də bazara yolu açılacaq. Bunlar isə Rusiya üçün pis xəbərlər hesab edilməlidir.