Rusiya Azərbaycana malların yeni çatdırılma variantını nəzərdən keçirir

216

Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə yük daşımalarının xəritəsi dəyişdi ki, bu da ilk növbədə, Kuybışev dəmir yolunda payı ənənəvi olaraq 50% təşkil edən ixrac daşımalarına təsir göstərir.
“APA-Economics” xəbər verir ki, bu barədə “Kommersant”a müsahibəsində Kuybışev Ərazi Korporativ Nəqliyyat Xidmətləri Mərkəzinin rəhbəri İqor Xaxulin bildirib.
Onun sözlərinə görə, Mərkəz yaranan maneələrə operativ reaksiya verir və bu baxımdan hələ ki yüklənməmiş Şimal-Cənub keçidi kifayət qədər perspektivlidir.
“Yükləmə Xəzər dənizinin limanları, xüsusən də Həştərxan vilayətindəki Olya (dəniz limanı – red.) vasitəsilə həyata keçirilə bilər. Daha sonra mallar okeanlara çıxışı olan İrana göndərilir. Sərhəd keçidləri vasitəsilə Azərbaycana malların çatdırılması variantı da var”, – deyə İ. Xaxulin qeyd edib.