Xəzərin sahilinə səpələnən balıqlarla bağlı AÇIQLAMA + VİDEO

202

Ötən gün ölkə ərazisində əsən güclü şimal-qərb küləyi nəticəsində Xəzər dənizinin suyu sahildən içəriyə doğru xeyli çəkilib. 

Nəticədə orada olan balıqlar dənizin sahilində qalıb. 

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizi qapalı su hövzəsidir və periodik təbii hadisələr baş verir:

“Dənizin səviyyəsi il ərzində 30-40 santimetr dəyişə bilir. İyul, avqust ayında çaylarda gursululuq olan zaman dənizin səviyyəsi artır. Dekabr, fevral aylarında səviyyəsi azalır. Xəzərin səviyyəsi yaya doğru yenidən artacaq”.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov saytımıza açıqlamasında bildirib ki, 1995-ci ildən bu tərəfə Xəzər dənizinin səviyyəsi tədricən azalır:

“Bunun səbəbi dənizə su gətirən çayların sululuğunun azalmasıdır. İqlim dəyişməsi nəticəsində Kür, Volqa çaylarında suyun həcmi azaldığı üçün dənizin səviyyəsi enib. 

Qeyd edək ki, Volqa çayı Xəzərə 80 faiz su gətirir ki, həmin çayda da su azalıb. İkinci səbəb Xəzər regionunda əhalinin artması fonunda suya və ərzağa olan tələbatın yüksəlməsidir. Azərbaycanda istehsal olunan ərzağın 90 faizi suvarma hesabına başa gəlir. Nəticədə dənizin su tələbatı tam ödənilmir, səviyyəsi davamlı şəkildə aşağı düşür və balıqlar sahildə qalır”.

O vurğulayıb ki, Xəzər dənizinin ekosistemini qorumaq lazımdır: 

“Vətəndaşlar da sahil zonasında kiçik gölməçələrdəki balıqları gördükdə onları suya atmalıdırlar. Dağlıq rayonlara qar, yağış yağıb, çayların sululuğu artır ki, bu da dənizdə suyun səviyyəsinin artması deməkdir”.

“Xəzər dənizinin səviyyəsinin artıb-azalması dövri xarakter alıb. Xəzərin səviyyəsinin ən aşağı vaxtı 1977-ci ildə qeydə alınıb. Dənizin səviyyəsi üç metr düşərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Ümid edək ki, yaxın onilliklərdə Xəzərin səviyyəsi bərpa olunacaq. Bunun üçün çalışmalıyıq ki, suvarmada, evdə suya qənaət edək”, – deyə ekspert əlavə edib. 

Qeyd edək ki, ötən əsrin 30-cu illərindən 1977-ci ilədək Xəzərin səviyyəsi üç metr enərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Lakin 1977-ci ildən 1995-ci ilədək səviyyə 2.5 metr qalxaraq, 1995-ci ildə -26.5 metrə yaxın olub. Bu zaman bir çox ərazilər su altında qalıb və təsərrüfat sahələrinə ciddi ziyan dəyib.

Son 25 il ərzində qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində səviyyə yenidən enərək -28 metr olub. Alman və niderlandlı alimlər tərəfindən aparılan tədqiqatlara görə, müxtəlif ssenarilərə əsasən, əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə bugünkü səviyyə ilə müqayisədə daha doqquz və ya 18 metr düşə bilər.

Həmin tədqiqatlara görə, ölkələr 2015-ci ildə imzalanmış istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına dair Paris Razılaşmasının tələblərinə əməl etməklə temperatur artımını məhdudlaşdırarsa, Xəzərin səviyyəsi əsrin sonunadək yalnız doqquz metr enər. Əks halda isə dənizin səviyyəsi 18 metr düşə bilər.

https://baku.tv/az/dunyaa/52431/