56 yaşlı buzqıran gəminin ömrü daha 8 il uzadılacaq

325

“Seanews.az” xəbər verir ki, Kanadanın Kvebek şəhərindəki  “Chantier Davie” gəmiqayırma zavodu ölkənin ən yaşlı buzqıran gəmisi “Louis S. St-Laurent”-in təmiri və modernləşdirilməsi üçün 12,8 milyon dollar dəyərində müqavilə bağlamağa nail olub.

“Louis S. St-Laurent” 1966-cı ildə tikilib.

Sonuncu dəfə buzqıran gəminin “təzələnməsi” üzərində iş 1980-ci illərin sonlarında aparılıb. Onda gəmi gövdənin uzadılması və modernləşdirilməsi ilə qismən yenidən qurulub. Hazırda buzqıran gəmidə zəruri təmir işləri ilə yanaşı, elektrik stansiyasının dəyişdirilməsi və müasir elektron avadanlıqların quraşdırılması nəzərdə tutulur. Ölkənin Milli Gəmiqayırma Proqramına uyğun olaraq, nəzərdə tutulan bütün işlər həyata keçirildikdən sonra buzqıran gəminin istismar müddəti 2030-cu ilə qədər uzadılacaq. Bu tarixə qədər qütb dənizlərində onu əvəz edəcək iki yeni böyük buzqıran gəminin inşası planlaşdırılır.

Son illərdə bir sıra Qərb ölkələrində buzqıran donanmaların yenilənməsi üzrə işlər xeyli intensivləşib. Məsələn, Böyük Britaniya ilk səyahətini 2021-ci ilin dekabrında Antarktidaya edən “Sir David Attenborough” buzqıran gəmisini inşa edib. Avstraliya altıncı qitənin sahillərinə  səfər üçün “Nuyina” adlı buzqıran gəmi tikib və sair.