Türkmənistan və Qazaxıstan gəmilərinin Azərbaycanda təmiri ƏDV-dən azad oluna bilər

84

Rusiya istehsalı olan gəmilərin Qazaxıstana, Türkmənistana, İrana və Azərbaycana ixracında hələ ki, irəliləyiş əldə olmayıb. “APA-Economics” xəbər verir ki, bu barədə “Rusiyanın dəniz xəbərləri” nəşri yazır.
Qeyd olunur ki, son 20 ildə bu ölkələrdə artıq bir sıra yeni gəmiqayırma zavodları yaradılıb, onlar gəmilər tikir və təmir edirlər. Məhz, bu, ixraca tələbatın olmamasının mümkün səbəbi kimi izah olunur.
Bakı Gəmiqayırma Zavodu bütün Xəzər gəmiqayırma zavodları arasında Azərbaycanda yeganə iri müəssisədir. Zavod Qaradağda yerləşən sənaye parkının rezidentidir ki, bu da müəssisəni istehsal avadanlıqlarının idxalı zamanı əmlak, torpaq, gəlir vergisindən, gömrük rüsumlarından və ƏDV-dən azad edir.
Bundan əlavə, Azərbaycan hökuməti bütün materiallar və avadanlıqlar üçün gömrük rüsumlarını, həmçinin zavodda işləyən əcnəbilər üçün sosial fonda vergilərin ödənilməsini 5 il müddətinə ləğv edib, ƏDV-ni isə tamamilə sıfırlayıb.
Hazırda Bakı Gəmiqayırma Zavodu Türkmənistan və Qazaxıstandan gələn gəmilərin təmiri zamanı ƏDV-nin ləğvi məsələsini həll etməyə çalışır. Hələ ki, əcnəbi gəmi sahibləri 18% məcburi ƏDV-dən başqa, əlavə vergi ödəməyə məcbur olurlar.