Ukraynanın hər limanında blokadada olan mülki gəmilər var

156

“Seanews.az” xəbər verir ki, bu günə qədər Ukrayna limanlarında, eləcə də Qara və Azov dənizlərində 109 gəmi blokadada qalıb və bu gəmilərdən 500-ə yaxın mülki dənizçinin təxliyəsi gözlənilir.

Məlumatlar Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə birlikdə Beynəlxalq Gəmiçilik Palatası (ICS) tərəfindən toplanıb.

Müharibənin əvvəlindən quruda və dənizdə xüsusi humanitar dəhlizlər vasitəsilə gəmilərdən 1500 dənizçi təxliyə edilib ki, bu da blokada qalan və təxliyəyə ehtiyacı olan heyət üzvlərinin ümumi sayının dörddə üçüdür. ICS bütün qalan dənizçilər təhlükəsiz yerə təxliyə edilənə qədər humanitar dəhlizlərin bağlanmamasına çağırır.
Həm təxliyə edilənlər, həm də qalan heyət üzvləri Ukrayna, Rusiya, Türkiyə, Yunanıstan, Çin, Danimarka, Filippin və Hindistandan olan dənizçilər də daxil olmaqla 27 müxtəlif ölkənin vətəndaşlarıdır.

ICS-nin press-relizində Ukrayna limanlarında blokadada qalan gəmilərin sayı da açıqlanıb:

• Nikolayevdə — 25 gəmi
• Çernomorskda — 23 gəmi
• Xersonda — 16 gəmi
• Odessada — 10 gəmi
• Berdyanskda — 8 gəmi
• Yujnıda — 6 gəmi
• Mariupolda — 5 gəmi
• Nika-Terada — 2 gəmi
• Oçakovoda — 2 gəmi
• İzmaildə — 1 gəmi
• Yujnı limanının yollarında – 1 gəmi qalıb.

Qapalı vəziyyətdə qalmış 109 gəmidən 42-si ya quru yükdaşıyan, ya da universal (38) yük gəmiləridir. Bundan başqa, neft tankerləri, kimyəvi daşıyıcılar, yedəklər, buzqıranlar, “Ro-Ro” və özüyeriyən gəmilər də var. 

ICS bildirib ki, 10 gəminin harada olduğu bilinmir, çünki onlara “təhlükəsizlik məqsədilə” izləmə cihazlarını söndürmək tövsiyə olunub.

ICS-in məşğulluq direktoru Natalie Shov deyib:“Biz onların təhlükəli ərazilərdən təhlükəsiz çıxışını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Açıq dialoq xilasetmə əməliyyatlarını mümkün etdi; biz davamlı ünsiyyətin və əməkdaşlığın tərəfdarıyırıq. Biz bayraq dövlətləri, liman dövlətləri və işçi qüvvəsi verən dövlətlər, habelə hökumətlər, gəmi sahibləri, həmkarlar ittifaqları, beynəlxalq yardım agentlikləri və dənizçilərin xeyriyyə təşkilatları tərəfindən həyata keçirilən xilasetmə səylərini yüksək qiymətləndiririk.”