“​Merkuri -2″​ gəmisi və məhv olan 42 həyat

4476

On doqquz il əvvəl Azərbaycanın dəniz nəqliyyatı tarixində ən böyük qəzası baş vermişdi

22 oktyabr 2002-ci il tarixində saat 10:30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-2” bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batmışdı. Bərədəki 51 nəfərdən yalnız 9-nu xilas etmək mümkün olub. Dörd nəfərin isə cəsədləri aşkar edilib.

Bərənin hərəkət etdiyi və qəzaya uğradığı yerin yaxınlığındakı “Dədə Qorqud” üzən qazma qurğusunun yanında növbətçi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin “Xəzər Dəniz Neft Donanması” idarəsinin gəmilərinin heyət üzvləri efirdə 16-cı beynəlxalq qəza kanalında 2002-ci il oktyabrın 22-də saat 10 radələrində naməlum gəminin efirə çıxıb “kömək edin, gəmi batır”, “Merkuri-2” sözlərini eşitmiş, radarda yerini müəyyən etdikləri və onlardan təxminən 6 mil məsafədə olan bərəyə tərəf üzməyə başladıqda, saat 10:30-da dənizin üzərində qara tüstü, saat 10:32-də isə alov görmüşlər. Saat 11:14-də bərə radarda itmiş, dənizin üstündən tüstü çəkilmişdir. Hava şəraitinin pis olduğuna görə onlar yalnız saat 12:35-də bərənin batdığı yerə çatmağa 1 mil qalmış suda üzən bir neçə vaqon-sistern görmüş və sağ qalmış dörd heyət üzvünü və bir meyiti dənizdən çıxarmış, Azərbaycan Hava Yolları Dövlət Konserninin vertolyotları hadisə yerinə çatdıqdan sonra isə daha 5 nəfəri xilas edə bilmişlər.

Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2002-ci il tarixli, 806 nömrəli fərmanına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin “Merkuri-2” bərə gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə 28 oktyabr Azərbaycan Respublikasının ərazisində matəm elan olunmuşdur.

Hadisə şahidinin müsahibəsi – Elçin İsmayılov (Baş elektrik-mexanik)

No alt text provided for this image

“Biz oktyabrın 21-də səhər saatlarında Qazaxstanın Aktau limanına çatdıq. Yük aparmışdıq. Mən də elektrik vəzifəsində çalışırdım. Yükü boşaldıb geri, Bakıya qayıdırdıq. Yola çıxmazdan əvvəl güclü külək olacağı barədə məlumat aldıq. Bu, səfər üçün təhlükəli idi. Bakı vaxtı ilə 16:00 da gəmi Qazaxıstandan Azərbaycana yola düşdü. Həmin günü dəniz çox fırtınalı idi. Buna baxmayaraq kapitan səfərə davam etdi. Güclü külək gəmini arxadan itələyirdi. Ayın 22-də səhər 10-un yarısında dəhşətli zərbə hiss etdik. Artıq Azərbaycan sularına daxil olmuşduq. Elə bil gəmini arxadan nəynənsə vurdular. Elə həmin anda gəminin burun hissəsində partlayış baş verdi. Mənim başım zərbənin gücündən dirəyə dəydi və huşumu itirdim.

Üstündən xeyli keçəndən sonra hiss etdim ki, kimsə məni tapdalayıb, keçdi. Gözümü açanda gördüm ki, bu gəminin baş mexaniki rəhmətlik Əbil müəllimdir. Üzümüz qaraldığı üçün bir- birimizi tanıya bilmədik. Səsindən bildim ki, bu Əbil müəllimdir. Həmin vaxt birlikdə gəminin üstünə qalxmaq istəyirdik. İçəridə aləm bir-birinə dəymişdi. Kimi qışqırır, kimi ağlayır, kimi dua edirdi. Elə çıxışa yaxınlaşanda gördüm ki, yaşlı bir matros xilasetmə jiletini geyinib. Amma kəmərini bağlamamışdı. Ona yaxınlşadım ki, niyə kəmərini bağlamır. Dedi ki, ona əl vurmayaq, ürəyi partlayar. Elə həmin andaca ürəyi partladı və öldü. Meyiti də batdı. Sonradan tapılmadı.

Biz başa düşdük ki, artıq gecdir. Xilasedici jiletləri geyinib, gəminin üstünə çıxdıq. Suya tullanmağa hazırlaşırdıq. Hava da çox soyuq idi. Elə bu anda ikinci güclü partlayış baş verdi. Artıq hiss etdik ki, ayağımızın alt hissəi qızır. Yanğın başlayırdı. Gəmidə ikinci partlayış baş verəndə suya tullandıq. Gözümüzün qarşısında 20 dəqiqənin içində gəmi suyun dibinə batdı. Həmin vaxt gəminin yaratdığı təyziq məni də suyun dibinə dartmaq istəyirdi. Bir neçə dəfə suyun altına batıb, çıxdım. Əynimdə olan xilasedici jilet batmaqdan xilas etdi.

– Sizi kim xilas etdi?

– Hardasa saat günorta 1-ə işləmiş iki gəmi gəldi. Təxminən saat 14:00 da vertalyot da köməyə çatdı. 42 nəfər heyət üzvündən cəmi 9 nəfər xilas edildi. Məni gəmi ilə çıxardılar. Həmin gəmidə ingilislər və azərbaycanlılar işləyirdi. Birinci səfər onlar məni görməmişdi. Əlim, üzüm qara mazut olduğu üçün keçib getmişdilər. Artıq çağırmağa taqətim də qalmamışdı. Onda elə bildim ki, bu sonumdur. Çünki hava da çox çiskinli idi. Göz-gözü görmürdü. Birtəhər özümdə güc tapıb, var gücümlə qışqırdım. “Kömək edin!”, dedim. Əlimi suda yuyub, yelləməyə başladım. Bu vaxt gəminin göyərtəsində olan bir nəfər məni gördü. Gəmi mənə tərəf yol aldı. Ayaqlarım və bədənim tamamilə donmuşdu. Məni çətinliklə sudan çıxarıb, gəmi ilə apardılar.

– Bu qəzanı kimin ayağına yazmaq olar?

– Küləyin… Bir də kapitan bu səfərə çıxmamalı idi. Onun səfərdən imtina etmək hüququ var idi axı…

– Bəs kimisə xilas edə bildiniz?

– Xeyr. O anda hamı öz canı ilə əlləşirdi. Gəmidə partlayış baş verdikdən sonra mənimlə eyni anda suya təmir mexaniki olan Sultan adlı oğlan da tullandı. Ancaq onun xilasetmə jileti yox idi. Gəmi suya batanda dalğanın gücü ilə onu da dənizin dibinə getdi. Xilas edə bilmədik onu.

– Gəmidə həlak olanlar kimlər idi?

-Kapitan da daxil olmaqla heyətin böyük hissəsi… Kapitanımız illərin kapitanı Cəfərağa müəllim idi. Həlak olanlar arasında sərnişinlər də var idi.

– Qəza günü baş verən bir epizodu unuda bilmirəm. Bizim gəmidə bir motorist var idi. Yenicə ata olmuşdu. Heç üzünü də görməmişdi. Maşın hissəsinə düşəndə gördüm ki, orada oturub ağlayır. Soruşdum ki, sənə nə olub? Dedi: “Ürəyimə damıb ki, gəmi batacaq. Mən də öləcəm. Uşağımı görə bilməyəcəm”. Biz ona yığışıb ürək-dirək verdik ki, belə hal baş verə bilməz. Ancaq o elə dediyini deyirdi. Bu hadisədən təxminən saat yarım sonra gəmidə qəza baş verdi. Həmin oğlan da həlak olanların içərisində idi.

– Xilas olanlar kimlər idi?

– İkinci mexanik Ağayev Asəf, 4-cü mexanik Samir adlı dənizçi, baş aşbaz Paşayev Mehman, eltormexanik Saşa, və Mirzə. Xilas olanlar arasında 3 nəfər qadın da var idi. Mila,Elmira, Aida…

– Həlak olanlar hansı millətdən idi?

– Böyük hissəsi azərbaycanlılar idi. Onların arasında qazaxlar, çərkəzlər də var idi.

– Demək olar ki, siz 2002-ci ildə yenidən doğuldunuz. Bu boyda qəzadan sonra yenə də dənizdəsiniz. Özünüzdən çox sevirsiniz dənizi?

– Dənizi mən yaxşısı və pisi ilə sevirəm.Ona görə də bu gün də burdayam. Peşman da deyiləm.

Müsahibə: Femida.az-a məxsusdur.

Allah dənizdə həyatını itirmiş bütün işçilərə rəhmət etsin, ailələrinə səbr versin.

Rüstəm Abdullayev