Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

119

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu balıq növü köpəkbalığına bənzər naqqa panqassiusdur:

“Azərbaycana akvariumda yetişdirmək üçün iki növü gətirilir və 10-20 santimetr olduqda onu satırlar. Köpəkbalığına oxşar naqqa panqassius növüdür. Ancaq köpəkbalığından fərqlənən cəhətləri var. Köpəkbalığında qəlsəmələr bir neçə dəlikdən ibarətdir. Panqssiusda isə qəlsəmələr qapaqdır, ağzında dişi və bığcıqları yoxdur.

İki növünü – uzunüzgəcli və irigöz panqassiusu ölkəmizə gətirirlər. Bunlar şirinsu hövzələrində yaşayan növlərdir. Cənubi-şərqi Asiyada olurlar. Onlar xırda balıqlar, krevetka və nadir halda bitkilərlə qidalanırlar. Orta ölçüləri 50 santimetrə çatır. Onun yaşadığı şirin sularda uzunluğu 2-3 metrə də çata bilir”.

“Vətəndaşımızda olan irigöz naqqa panqassiusdur. Azərbaycan Xəzər dənizinin mühitinin qorunması üzrə Tehran Konvensiyasının Bioloji Müxtəlifliyin Qorunması protokoluna qoşulub. Bu da protokola ziddir. Bu növlərin akvariumda yetişdirilib Xəzər dənizinə buraxılmasına icazə alınmalıdır. Burada elmi rəy mütləqdir. Bunu icazəsiz edən şəxs cəzalandırılmalıdır. Sözügedən naqqa panqassius Xəzər dənizində məhv olacaq. Biz monitorinqlər zamanı bu balıq növünə rast gəlməmişik. Çox güman ki, ölüb”, – deyə o əlavə edib.

Nazirlik rəsmisi vətəndaşlara müraciət edib: “Heç kim akvariumda yetişdirilən balığı və digər növü icazəsiz Xəzər dənizinə və ya şirin su hövzəsinə buraxmasın”.

https://baku.tv/az/dunyaa/58293/