Dövlət Dəniz və Liman Agentliyinin  nümayəndə heyəti Türkiyədə  səfərdədir

90

           Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

           Səfər Türkiyə ilə Azərbaycan arasında dəniz nəqliyyatı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi daşıyıb.

          Səfərin ilk günündə Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Ankara şəhərində Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanla, eləcə də Tərsanələr və Sahilboyu Tikililər Baş İdarəsinin müdiri Sahil Tanla ikitərəfli görüşlər keçirib.

          Görüş zamanı  Azərbaycanla Türkiyə arasında çoxşaxəli münasibətlərin inkişaf səviyyəsindən danışılıb və dəniz nəqliyyatı sahəsi üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mövcud geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin perspektivləri müzakirə edilib.

          Görüşdə Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların tənzimlənməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində “Vahid Pəncərə” sisteminin tətbiqi müzakirə mövzusu olub.

         Bununla yanaşı, Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi, liman və bayraq nəzarəti müfəttişləri və gəmi hərəkətinin idarəedilməsi sisteminin operatorları üçün təlimlərin keçirilməsinə dair razılığ əldə olunub.

        İkitərəfli görüşlər zamanı sözügedən idarələrin fəaliyyətinə dair təqdimatlar da keçirilib.

        Səfər çərçivəsində Tekirdağ şəhərində yerləşən Türkiyənin Milli Dəniz Təhlükəsizliyi və Təcili Müdaxilə Mərkəzində, həmçinin ilk konteyner tranzit limanı olan “Asyaport” limanında da görüşlər keçirilib. Nümayəndə heyəti “Asyaport” limanının fəaliyyəti ilə tanış olub.      

Qeyd edək, nümayəndə heyətiin İstanbul şəhərindəki Liman İdarəsində də görüşü nəzərdə tutulur.