“ADY Konteyner” Orta Asiyadan Avropaya gübrə daşınmasına xidmət göstərib

422

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-nin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Qara dənizdə birgə layihəsi olan, əsasən Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda istifadə olunan “Rəsul Rza” fider gəmisi ilə ilk dəfə Orta Asiyadan göndərilən gübrə Rumıniyanın Konstanta limanına çatdırılıb.

“Report” bu barədə “ADY Konteryer”ə istinadən xəbər verir.

Məlumata görə, mineral gübrə 24 konteynerdən ibarət blok qatar Özbəkistandan yola salınıb. Qatar Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra 40 futluq konteynerlər Xəzər dənizində fider daşımaları həyata keçirən “Mahmud Rəhimov” gəmisi vasitəsilə Ələt limanına gətirilib. Burada platformalara yüklənərək dəmiryolu ilə Gürcüstanın Batumi limanına, daha sonra isə “Rəsul Rza” fider gəmisi ilə Konstantaya çatdırılıb.

“Bu xidmətə Orta Asiyadan gələn yüklərin cəlb edilməsi yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa ilə yanaşı, Orta Asiya- Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edəcək”, – deyə məlumatda qeyd olunub.