Bu il İtaliya Azərbaycandan 10 mlrd kubmetrə yaxın qaz alacaq

297

2022-ci ildə Azərbaycan qazının İtaliyaya ixrac həcminin 3 milyard kubmetr – təxminən 10 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Bunu TAP-ın icraçı direktoru Luka Şippati deyib.

“2022-ci ildə Azərbaycandan İtaliyaya təxminən 10 milyard kubmetr qaz nəqli gözlənilir ki, bu da 2021-ci ildəkindən təqribən 3 milyard kubmetr çoxdur”, – deyə o, İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Şippati qeyd edib ki, 31 dekabr 2020-ci il tarixindən 9 dekabr 2022-ci ilədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 18,5 milyard kubmetr Azərbaycan qazı nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyanın payına düşüb.

O əlavə edib ki, son bir neçə ay ərzində TAP vasitəsilə Apuliyadakı Melendunyo qəbul terminalına gündə 25-28 milyon kubmetr qaz daxil olur. Nəticədə Azərbaycan Əlcəzairdən sonra İtaliyaya ikinci qaz tədarükçüsünə çevrilib.

Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib. Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb və 2021-ci ildə ixrac həcmi 8,2 milyard kubmetr təşkil edib, bunun 6,8 milyard kubmetri İtaliyanın payına düşüb.

2022-ci ildə 22 milyard kubmetrdən çox, Avropaya isə 12 milyard kubmetrə qədər qaz ixrac olunacağı proqnozlaşdırılır.

İnterfaks-Azərbaycan