Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gəmisi 70 min manata özəlləşdirilib

172

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin “Şəfəq” neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisi özəlləşdirilib.

“Report” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 1985-ci ildə istehsal olunmuş gəmi 70 min manata satılıb.

Bundan başqa, hərracda nəqliyyat vasitəsi və avadanlıq olmaqla 26 dövlət əmlakı satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 291 sifariş qəbul olunub.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 7 000 manat olan “BMW 535İ” markalı avtomobilə edilən ən son təklif 3 dəfə çox – 20 200 manat olub. Bundan başqa, “Mercedes Benz Sprinter” markalı mikroavtobusun ilkin start qiyməti 10 000 manat olsa da, nəqliyyat vasitəsi 25 700 manata satılıb.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 207 300 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Növbəti hərraclar 20 və 27 dekabrda keçiriləcək. Hərraclara 25 kiçik dövlət müəssisəsi və obyekti, 10 nəqliyyat vasitəsi çıxarılacaq.