Sığortaçılar və Türkiyə hakimiyyəti gəmilərin boğazlardan keçməsi qaydaları ilə bağlı razılığa gəliblər

256

Türkiyənin Nəqliyyat Nazirliyi və sığorta şirkətləri tankerlərin Bosfor və Çanaqqala boğazlarından keçməsi ilə bağlı yeni qaydalarda fikir ayrılıqlarını aradan qaldırıblar.

“Seanews.az”ın məlumatına görə, nazirliyin açıqlamasında bildirilir ki, növbədə lazımi sığorta təsdiqini təqdim etməyən yalnız bir neçə gəmi qalıb.

Ümumilikdə, Türkiyə boğazlarından keçid üçün yeni qaydaların qüvvəyə minməsindən sonra onun sahillərinə 26 gəmi gəlib, onlardan 22 tanker lazımi sənədləri təqdim edib, 19-u artıq Türkiyə sularından keçib.

“Boğaza yeni gələnlər də daxil olmaqla, indi yalnız dörd gəmidən təsdiq məktubları təqdim etmək tələb olunur”, – məlumatda deyilir.

Nazirlik hazırda Mərmərə və Egey dənizlərində sığorta sənədlərini təqdim etməyən tankerlərin olmadığını vurğulayıb.

Türkiyənin Nəqliyyat Nazirliyi tankerlərin keçidi ilə bağlı mübahisəli vəziyyətin aradan qaldırılmasında bağlı maraqlı tərəflərlə danışıqlar aparıldığını açıqlayıb. “Biz Türkiyə boğazlarını qoruyacaq yeni qaydalarımızın qəbulu və hər zamanki kimi dəniz ticarətinin bərpası ilə yekunlaşan danışıqlar apardıq”, – bəyanatda deyilir.

Beynəlxalq sığorta klubu və Türkiyə hökuməti arasında sıx əməkdaşlıqdan sonra xam neft daşıyan gəmilərin Türkiyənin nəzarətindəki sulardan keçməklə səfərlərini davam etdirməsinə dair razılıq əldə olunub.